06 noyabr 2018 17:46
1924

Kaliforniyanın Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədilib

Noyabrın 9-u şəhərdə Azərbaycan Dövlət Bayrağı Günü elan edilib

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi Azərbaycan bayraqları ilə bəzədilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat veriblər.

Bildirilib ki, noyabrın 9-u Montereydə Azərbaycanın Dövlət Bayrağı Günü elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson tərəfindən müvafiq bəyannamə imzalanıb.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 may tarixində müstəqilliyini elan edərək müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququnun verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Sənəddə bildirilir ki, 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilən göy, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanın dövlət bayrağı elan olunub.

Bəyannamədə qeyd olunur ki, ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır. Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı diqqətə çatdırılır.

Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 2018-ci il 9 noyabr tarixini Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü elan edir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.

Monterey şəhərinin Azərbaycan bayraqları ilə bəzədilməsini əks etdirən qısa videoya bu link vasitəsilə baxmaq olar:

https://youtu.be/wqTCzA8yDfc