06 noyabr 2018 20:35
1693

Azərbaycan-İsveç əlaqələrinin böyük tarixi var

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Nobel muzeyini ziyarət edib

Azərbaycan-İsveç əlaqələrinin böyük tarixi var. Nobel qardaşlarının ölkəmizdəki fəaliyyəti iki xalqın dostluq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olaraq gələcək nəsillərə örnək qismində xidmət edir.

Bu fikirləri İsveçə səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmdakı Nobel muzeyinin müdiri Olov Amelin ilə görüşdə deyib.

Söhbət zamanı Olov Amelin Nobel muzeyinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Dünyaca məşhur Nobel qardaşlarının tarixi xidmətlərindən söz açan Olov Amelin rəhbərlik etdiyi muzeyin özəlliklərindən, burada nümayiş olunan eksponatlardan danışıb. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən xəbərdar olduğunu bildirən muzeyin rəhbəri “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə qoyduğu irsin öyrənilməsi üçün İsveçdə həyata keçirilən layihələrdən və isveçli tarixçilərin Azərbaycana səfərlərindən söz açıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda yerləşən Nobel muzeyində olmaqdan məmnunluğunu ifadə edib. Ölkələrimiz arasındakı əlaqələrə toxunan F.Muradov bildirib ki, Azərbaycan İsveç ilə əlaqələrin bütün sahələrdə, o cümlədən humanitar səviyyədə də inkişafında maraqlıdır. Komitə sədri bu cür səfərlərin, aparılan danışıqların dostluq və əməkdaşlığımızın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb, Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin bu əlaqələrə tarixi zəmin yaratdığını deyib. Nobel qardaşlarının və onlara məxsus “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdəki fəaliyyəti ilə bağlı bədii filmin də çəkildiyini qeyd edən Fuad Muradov tarixin bu səhifələrinin daha da yaxşı öyrənilməsi üçün işlərin aparıldığını və bu barədə kitabların yazıldığını qeyd edib.

Söhbət zamanı Fuad Muradov Dövlət Komitəsinin fəaliyyəti barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Komitə sədri muzeylə tanış olub, eksponatlara baxıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmdakı Nobel muzeyinin müdiri Olov Amelinə Dağlıq Qarabağ haqqında kitab hədiyə edib.