14 noyabr 2018 00:04
2590

Arif Əliyevi nə azad media, nə milli jurnalistikanın taleyi düşündürür

"Tam məsuliyyətimizlə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı özünün inkişaf mərhələsini yaşayır. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində möhkəm əsaslara malik hüquqi baza və ciddi siyasi iradə mövcuddur". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan mediası informasiya təhlükəsizliyimizin, milli maraqlarımızın təmin olunması istiqamətindəki işini və tarixi missiyasını layiqincə yerinə yetirir. Eyni zamanda, ölkəmizdə kifayət qədər geniş imkanlara və təcrübəyə malik onlayn media formalaşıb, ölkəmiz bu sahədə də regionun lideridir.

Hikmət Babaoğlu deyib ki, Azərbaycanda internet tam azaddır və internet istifadəçilərinin sayı 80%-ə yaxındır. Şübhəsiz ki, bu uğurların əldə olunmasında ölkəmizdə media siyasətinin həyata keçirilməsinə cavabdeh olan qurumların və təcrübəli, peşəkar təşkilatçıların mühüm rolu vardır. "Azərbaycan dövlətinin məqsədi ondan ibarətdir ki, indiki mərhələdə "yumşaq güc" kimi səciyyələndirilən media öz gücünü xalqın və dövlətin maraqlarının qorunmasına sərf etsin. Məhz bu istiqamətdə işin düzgün əsaslarla təşkil olunmasının nəticəsidir ki, hazırda Azərbaycan mediasının fəaliyyəti ölkəmizin informasiya təhlükəsizliyinin təmin olunmasına, dövlət maraqlarının, milli mənafelərin müdafiəsinə, xalqa və dövlətə xidmətə yönəlibdir. Görünür, "Soros" fondunun ölkəmizdəki sözçülərini də narahat edən bax, budur".

Millət vəkili həmçinin qeyd edib ki, Arif Əliyev və onun kimi "xüsusi" məqsədə xidmət edənlər Azərbaycan mediasını Qərbdəki ayrı-ayrı qüvvələrin təsiri altına sala, onların maraqlarına tabe etdirə bilmədikləri üçün bu gün öz narazılıqlarını açıq şəkildə dilə gətirirlər: "Əlbəttə ki, bu gün Arif Əliyev bu cür danışmağa vadar edən heç də onun milli media təəssübkeşliyi deyil. Çünki bu adamları nə azad media, nə də ki milli jurnalistikanın taleyi düşündürür. Onlar KİV-in inkişafı, söz və mətbuat azadlığının təmin olunması və s. adlar altında informasiya məkanımızı müxtəlif maraqlara uyğun olaraq manipuliyasiya etmək istəyirlər. Ona görə də, bu gün həmin şəxslər media adına, milli jurnalistikamıza xələl yetirən, törətdiyi cinayət əməlinə görə həbs olunan, "reket jurnalist"ləri belə müdafiə etməkdən çəkinmirlər. Onlar Azərbaycanın informasiya məkanını hədəf almaqla, milli media nümayəndələrinə qarşı qarayaxma kampaniyaları həyata keçirməklə yalnız bir məqsəd güdürlər ki, xaricdəki donor təşkilatlarından pul qoparsınlar".