14 noyabr 2018 21:19
2594

Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir

Vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq, inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir. Din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalı, vətəndaşların din adı altında hüquqlarının qəsb olunması yolverilməz olmalıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninqdə bildirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirə müəllimlər, ziyalılar və digər ictimaiyyət nümayəndələri cəlb olunub.

Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə danışaraq, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında dini radikallığın və xurafat meyillərinin güclənməsi, dinin siyasiləşdirilməsinin fəsadları barədə söz açaraq, xurafatın qüsurlu dini təbliğatın nəticəsi olduğunu qeyd edib. “Xurafat dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İnkişaf təhsilin, xurafat cəhalətin meyvəsidir. Elm-təhsil olmayanda din xurafata çevrilir”, - deyə o bildirib.

Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə ardıcıl olaraq “dəyirmi masa”lar və konfranslar keçirildiyini qeyd edən G.İsmayılov vurğulayıb ki, bu tədbirlərin keçirilməsində məqsəd dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin, ölkəmizin tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsidir.

Gündüz İsmayılov onu da bildirib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxışında dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən çıxarılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlindiyini bildirib. Vurğulanıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. Onun sözlərinə görə, dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur.

Seminar-treninq milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir mübadiləsi ilə yekunlaşıb.