14 noyabr 2018 21:22
2803

Rusiyalı turist qadın Prezidentə və birinci xanımına təşəkkürünü bildirib

Rusiyalı turist qadın Azərbaycanın Prezidentinə və birinci xanımına təşəkkürünü bildirib

Rusiyalı turist qadın Marina Volkova Azərbaycanın Moskvadakı səfirliyinə ünvanlandığı məktubunda bu yaxınlarda Bakıya etdiyi səyahətdən bəhs edib və Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü çatdırıb.

Səfirliyin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, Marina Volkova məktubunda bu ilin oktyabrında ailəsi ilə birlikdə ilk dəfə Azərbaycanda olduğunu qeyd edir.

Məktubda deyilir: “Mən və ailə üzvlərim Bakının gözəlliyinə heyran olduq. Bir çox ölkələrdə və şəhərlərdə olmuşam, lakin ilk dəfədir ki, bu cür məftunluq hissi keçirirdim. Heyrətamiz dərəcədə əsrarəngiz şəhərdir, binalar son dərəcə gözəl zövqlə işıqlandırılıb. Hər yerdə qonaqpərvərliklə qarşılaşdıq. Gənclərin özündən böyüklərə hörmətlə yanaşması, ictimai nəqliyyatda kişilərin yerini qadınlara verməsi məni valeh etdi. Görünür, bu hörmətcillik hər bir azərbaycanlının qanındadır, bu isə inkişafa və tərəqqiyə aparan əsas yollardan biridir. Yaşlılara hörmət gələcəyin rəhnidir, çünki gələcəyimiz keçmişə münasibətdən asılıdır. Qeyd etməliyəm ki, heç bir ölkədə bu cür gözəl kişi və qadın çöhrələri ilə qarşılaşmadım. Bu, daxili və zahiri gözəlliyin nadir görülən vəhdətidir. Azərbaycan insan qəlbində nurlu və hərarətli hisslər yaradan müstəsna ölkədir. İstərdim ki, bizim ölkələrimiz arasında hər zaman sülh olsun. Ümidvaram ki, Moskvada Azərbaycandan göndərilən gözəl nemətlər daha çox olacaq”.

Məktubunun sonunda M.Volkova yazır: ”Hörmətli İlham Heydər oğlu Əliyev və Mehriban Əliyeva, sizə və ecazkar ölkənizə sülh və əmin-amanlıq arzulayıram! Bakını yenidən görəcəyimə çox ümid edirəm! Uca Yaradan Sizi hifz etsin!”.