17 noyabr 2018 00:14
3302

Söz azadlığı, yoxsa söz sərbəstliyi?

Sosial şəbəkələr   cəmiyyətin onlayn güzgüsüdür. Bu ayna hər zaman təmiz olmalıdır. Sosial şəbəkə hazırda ictimai rəyin   yaranmasına və formalaşmasına bilavasitə təsir edir. Ən önəmlisi isə odur ki, çalışmaq  lazımdır ki,genişlənən onlayn mühit  hər kəsin daxil ola biləcəyi nümunəvi sfera şəklində formalaşsın.

Hər gün artan sosial şəbəkələrdən istifadə statistikası göstərir ki,  insanlar internet üzərindən ünsiyyətə, tanıtıma, paylaşıma  önəm verirlər. Bura ictimaiyyətin hər bir üzvü daxil ola bilər. Sosial şəbəkələrdə  müəyyən qaydalar  və etik prinsiplər müəyyənləşdirilməlidir: istər paylaşımlar, istərsə də oxucu rəyləri ilə bağlı hazırda oxucuların əksəriyyəti tənqidi, təhqirlə səhv salırlar. Bəzən oxucu şərhlərindəki  ifadələr həddindən artıq kobud, təhqiramiz, qəlbqırıcı və etik normalarla mütənasibləşməyən tərzdə formalaşır. Bu isə  profil sahibində ruh düşkünlüyü,özünə inamsızlıq,  cəmiyyətdən uzaqlaşma hissini formalaşdırır. Yaxud  da həmin rəy sahibinin tapılıb hüquqi cəza almasına  gətirib çıxarır.  Hər kəs azad şəkildə  söz demək, fikir söyləmək  hüququna sahibdir. Lakin  söz azadlığını, söz sərbəstliyinə qurban vermək nə dərəcədə doğrudur?

BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir  Məmmədli “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, “sosial şəbəkələr dünyada, o cümlədən, Azərbaycan media mühitində  ideal söz azadlığıdır: “Bundan ideal söz azadlığı təsəvvür etmək olmaz. Amma bu azadlıqdan gərək sui-istifadə olunmasın. Hər kəsin içində özünün bir senzurası olmalıdır. Əgər senzura yoxdursa, onda özünü ictimai rəydə fikri  olan adam kimi qələmə verməsin. İctimai rəydə olan adam min qınağa rast gələ bilər, əgər o qınağa layiqdirsə. Xüsusilə sosial şəbəkələrdə münasibət bildirən zaman son dərəcə mədəni olmaq və etik normaları gözləmək lazımdır.  Gözləməyəndə adama qulaq asmırlar və adamın fikrini qəbul etmirlər.  O ki, qaldı təhqirə Azərbaycan türkcəsində axtarsanız heç təhqir sözü yoxdur.  Çünki bu millət, heç vaxt təhqir  eləməyib və  qədim klassik ədəbiyyatımızda, klassik yazılarımızda təhqir sözü olmayıb.  Bu gün əgər o təhqir varsa, yeni nəsilin artıq Qərbə, başqa  istiqamətlərə üz  tutması və yönlənməsi ilə əlaqələndirmək olar. İnsanın sağlam ruhu olmalıdır, insanın qarşısındakı  adama münasibəti   etik normalar daxilində formalaşmalıdır.  Tənqid də olar,  amma  etik norma daxilində olanda,  çərçivədə olanda ona  daha yaxşı qulaq asırlar və onu daha yaxşı qəbul edirlər. Təhqirə keçəndə isə o adamın mənfi keyfiyyətləri haqqında düşünülür və onun heç bir fikrini qəbul etmirlər. Mən  Azərbaycan  media sistemindən tutmuş,  sosial şəbəkədə fəaliyyət göstərən hər kəsə, millət xatirinə, Azərbaycan xatirinə heç vaxt təhqirə yol verməməyi arzulayardım  və ən əsası xahiş edərdim”.”

Sosioloq Cavid İmamoğlu  “İki Sahil” qəzetinə açıqlamasında bildirdi ki, insanlar sosial rəftar qaydalarına sahiblənməlidirlər.  Sosial bacarıqlara sahib olmalıdırlar ki, insanlarla ünsiyyətləri kobud şəkil almasın.Ünsiyyətimizin gigiyenasına  fikir verməliyik. Yəni danışığımızı  ağır,kobud,təhqir,təhdid dolu ifadələrdən təmizləmək. İnsan  daim öz ünsiyyətini zənginləşdirmək barədə düşünməlidir.İstər sosial şəbəkədə, istərsə də sosial şəbəkələrdən kənarda. İnsan ünsiyyət zamanı incə bacarıqlarından istifadə etməlidir, qarşı tərəfi yormamalıdır və ya qarşı tərəflə təhqiramiz dildə danışmamalıdır. Bu gün münasibətlərdə kobud  vəziyyətin yaranması təməli ailədən, bəzən bağçadan, bəzən məktəbdən qaynaqlanır. Ona görə də mühit tərbiyəedici xarakter daşımalıdır. Mühitdə qınaq olmamalıdır. Cəmiyyətdə nə görülürsə, o da təqlid edilir. İctimai mühitin aqressiv şəkil alması, bilavasitə insanları bu yola yönəldir. Mühit asayişi,mənəvi zənginliyi, sevgini  aşılamalıdır. Əks halda təbii ki, bu insanlar arasında münaqişələrin artmasına,bəzən hüquq-mühafizə orqanlarının müdaxilə etməsinə gətirib çıxara bilər.  Çalışmalıyıq ki, incə sosial bacarıqları təşviq edək.

Yaqut Ağaşahqızı