17 noyabr 2018 00:38
2638

Xalqa, dövlətə xidmət nümunəsi

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı partiyanın yaradılmasının 26-cı il dönümü münasibətilə “Yeni Azərbaycan Partiyası-26: xalqa, dövlətə xidmət nümunəsi”  mövzusunda tədbir keçirib.

İlk olaraq YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranma tarixindən söhbət açıb. YAP-ın çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdıran sədr bildirib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayət törədilirdi: “Müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar Dahi Liderə müraciət ünvanladılar. Nəhayət 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.

Rayon təşkilatının sədri Seyfəddin Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə yönəldib. Bildirib ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

YAP Masallı rayon təşkilatının Şura üzvü Əfrail Fərziyev isə bildirib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirir.

Gənclər siyasətindən söhbət açan YAP üzvü Əziz Cankişizadə Azərbaycanda gənclər siyasətinin həqiqətən də çox böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, əməkdar müəllim Mirqabil Hüseynov, veteran YAP üzvlərindən Rafiq Bağırov və başqaları çıxış edərək partiyanın yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı söhbət açıblar. 

Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP Masallı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Taleh Bağırov, “İki sahil”