14 dekabr 2018 23:35
3208

Ermənistan işğal etdiyi torpaqları ya qaytaracaq, ya da ki...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda beynəlxalq hüquq normalarına uyğun həlli üçün həm beynəlxalq aləmdə, həm də regionda yeni imkanlar yaranıb. İlk növbədə dünya birliyinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması tendensiyasının artması, digər tərəfdən işğalçı Ermənistanın məhz bu problemə görə iflas duruma düşməsidir. İndi Ermənistanın yeni rəhbərliyi də anlayır ki, Qarabağ işğaldan azad edilməyincə Ermənistanın bir dövlət kimi süqutu qaçılmazdır.

Məhz bu amilə diqqət çəkən Prezident İlham Əliyev dekabrın 13-də 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib: “Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.”

Qeyd edək ki, Ermənistanda keçirilmiş parlament seçkilərində ölkənin baş nazir əvəzi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım”  bloku qələbə çalmışdır. Koçaryan-Sarkisyan xuntasının seçkidə ciddi şəkildə məğlub olması onların işğalçılıq siyasətini davam etdirməsi və kompromisləri rədd etməsi oldu. Bu arada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, dekabrın 6-da Sankt-Peterburqda kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçirilməsi gözlənilirdi. Bu tədbir çərçivəsində də Paşinyan çalışırdı ki, onun nümayəndəsi təşkilatın rəhbərliyinə yiyələnsin. Halbuki onun bu arzusu təşkilat üzvü ölkələr tərəfindən diqqətə alınmırdı. Çünki Nikol özü problemi yaratmaqla istəyir ki, açıq şəkildə ölkəsini KTMT-dən qovsunlar. Hətta sammitin keçirilməsi vaxtı məsələsində Putini yalançı çıxarmağa çalışdı. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verdi ki, Ermənistanda doqquz dekabr növbədənkənar parlament seçkiləri ilə bağlı Nikol Paşinyan Putinə müraciət ünvanlayıb və xahiş edib ki, bu reallığı nəzərə alıb sammitin zamanını dəyişdirsin. Putin də onun bu xahişini nəzərə alıb. Bu bəyanatdan sonra Paşinyanın mətbuat katibi açıqlama verdi ki, Rusiyanın məlumatı tamamilə yanlışdır. Paşinyan heç bir halda Putindən belə bir xahiş etməyib. Bunun ardınca Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova məsələyə müdaxilə edərək. Bildirdi ki, Paşinyan, doğrudan da, Putinə müraciət yollayıb. Nəhayət, Paşinyan səssizliyini pozub açıqlama verdi.  bildirdi ki, Rusiya tərəfinin doğru məlumat yaymamasına təəccüblənib.

Demək, Paşinyan bu məsələdə vəziyyəti qəsdən gərginləşdirir. Həmçinin o, Belarus Prezidenti Lukaşenko  və  Qazaxıstan Prezidenti Nazarbayevlə də münasibətlərini kəskinləşdirməkdə maraqlıdır. İstəyi odur ki, KTMT-nin üzvü olan dövlətlərin başçıları özləri desinlər ki, bizə Ermənistan kimi bir müttəfiq lazım deyil və Ermənistanı təşkilatdan və prosesdən uzaqlaşdırsınlar. Axı Nikol özü KTMT-dən çıxsa, onu ittiham edərlər.

Əgər Ermənistanı təşkilatdan uzaqlaşdırsalar bu ölkənin rəhbəliyi çoxdan istədiyi arzusunu Qərbə istiqamətlənməsini asan şəkildə həyata keçirə bilər. Onun bu məsələdə “əsasları” da var. Məsələn, deyə bilər ki, Türkiyə və Azərbaycan arasında qalan ölkəsinin təhlükəsizlik qarantiyası yoxdur.  Bir sözlə, Paşinyanın bu hərəkəti başqa varlı kişini sevən qadının ərindən boşanmaq hiyləsinə bənzəyir. 

Artıq Rusiyada da Ermənistana artıq əvvəlki müttəfiq kimi baxmırlar. Təsadüfi deyil ki, MDB-nin qeyri-rəsmi görüşündə Vladimir Putinin yanında Azərbaycan Pezidenti cənab İlham Əliyev əyləşmişdi. Paşinyan isə hardasa bir küncdə oturdulmuşdu. Bu isə Rusiya-Ermənistan münasibətlərinin heç də yaxşı olmadığının təsdiqidir.

Bu da gün kimi aydındır ki, parlament seçkilərində 88 deputatlıq yer alan Paşinyan 2019-cu ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı dəyişiklik etməsə və münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymasa Ermənistanı böyük uğursuzluqlar gözləyir. O anlamalıdır ki,  Ermənistanın başına gələn bütün müsibətlərin, böhranların kökündə məhz işğal faktı dayanır.

Ölkəmiz üçün daha bir önəmli məsələni də qeyd etmək lazımdır ki, üç  gün əvvəl  Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü keçirilib. Təbii ki, bu, birinci görüş deyil və əvvəllər də hər iki ölkənin baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur. Diqqətçəkən məqamdır ki, NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Prezident İlham Əliyev bu barədə bildirib: “ Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq.”

Ölkəmizin başçısının da söylədiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi  beynəlxalq aləmin bizə güvənməsinə ciddi əsaslar yaradıb. Məhz bu səbəbdəndir ki, indi həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz mövcuddur.

Elçin Zaman, “İki sahil”