24 yanvar 2018 00:19
1225

Politoloq: Münaqişənin həllində mövqelərimiz güclənib

“ATƏT-in Minsk qrupu fəaliyyətini bu cür davam etdirsə, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlər gözləniləndir”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu dünən keçirdiyi “Qarabağ saatı”nda deyib.

Politoloq fikrini onunla əsaslandırıb ki, yanvarın 18-də Polşanın Krakov şəhərində Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində real nəticələrə nail olmaq niyyətlərini əvvəlki dövrlə müqayisədə daha qabarıq nümayiş etdiriblər.

Politoloq münaqişənin həlli istiqamətində gedən proseslərin ümumi mənzərəsini qiymətləndirərkən bildirib ki, ötən 2017-ci ildə münaqişənin tənzimlənməsi ilə bağlı keyfiyyət dəyişikliyi baş verib. Bunu həm vasitəçilərin münasibətlərində, həm də Azərbaycanın hərbi-diplomatik üstünlüyünü nümayiş etdirən digər faktorlarda görmək mümkündür.

Mübariz Əhmədoğlunun sözlərinə görə, ötən il ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın mövqeyində ciddi dəyişikliklər baş verib: “Bu dəyişiklik ayrı-ayrı şəxslərin fikirlərində deyil, dövlətin bütün qurumlarının mövqeyində müşahidə edilib. Ona görə də biz bunu strukturlaşmış mövqe hesab edirik”.

Mərkəz sədri hesab edir ki, ABŞ-ın mövqeyindəki dəyişiklik Azərbaycanın maraqlarına uyğundur. Hətta, bu dövlətin Ermənistandakı səfiri Riçard Millsin də açıqlamaları münaqişənin ədalətli və beynəlxalq hüququn tələblərinə uyğun həll edilməli olduğuna əsaslanırdı.

M. Əhmədoğlunun fikrincə, Rusiyanın mövqeyindəki bəzi ziddiyyətli məqamlar nəzərə alınmazsa, ümumilikdə bu həmsədr ölkənin də mövqeyi bizim mənafeyimizə əks deyil. Politoloq qeyd edib ki, Rusiya XİN-in bəzi rəsmilərinin müəyyən mənada qərəzli açıqlamalarına baxmayaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov son olaraq bildirdi ki, Dağlıq Qarabağ müanqişəsi bir sənədlə həll edilə bilməz və mərhələli həll olunmalıdır: “Ötən ilin sonlarında Lavrov mətbuat konfranslarının birində bu bəyanatı verməklə ermənilərin “Paket həll” variantının üstündən xətt çəkdi. Bu, Ermənistanı əzən bəyanat oldu və Azərbaycanın mövqeyinə uyğundur”.

Politoloq onu da əlavə edib ki, işğaldan azad edilən ərazilərə yaxın məsafədə, yəni Dağlıq Qarabağa aid olan Ağdərə rayonu ərazisində Azərbaycanın apardığı tikinti-quruculuq işləri də münaqişənin nizamlanmasında yeni və əsaslı dönüşün başlandığını göstərir.

Taleh Turqut, “İki sahil”