09 iyul 2018 16:43
1453

Müasir çağırışlara cavab verən inkişaf

Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət  informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına böyük imkanlar yaratmışdır. Bunu dünya miqyasında İKT sahəsində ən nüfuzlu qurum olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bir müddət əvvəl açıqladığı rəqəmlər bir  daha sübut edir. BTİ-nin son açıqlamasına görə, ölkəmiz 176 ölkə arasında İKT-nin inkişafı reytinqində bir çox imkişaf etmiş ölkələri qabaqlayaraq 65-ci yerdə qərarlaşıb. Ölkəmizin  bu reytinqdə Cənubi Qafqaz dövlətləri arasında liderlik etməsi xüsusilə qürurverici hadisədir. Belə ki, reytunq cədvəlində təcavüzkar Ermənistan 75-ci, Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar. Bundan əlavə, Azərbaycan peytinqdə Rusiya, Qazaxıstan və Moldova istisna olmaqla digər MDB dövlətlərini də xeyli qabaqlayıb.

  Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə Sammitində elan etdiyi “qara qızılı” insan kapitalına çevirəcəyəm” strategiyası o zaman üçün çox uğurlu bir seçim idi. Məhz 2013-cü ilin ölkəmizdə  “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətimizin İKT-yə yüksək dəstəyinin göstəriciləridir. Respublikamızda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2.2 mlrd dolları aşmışdır. 2016-cü ildə İKT sektorunun gəlirləri 1.8 mlrd manat təşkil etmişdir. Ölkə başçısının müvafiq Sərəncamı əsasında bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

Ekspertlər bildirirlər ki, ölkəmizdə istər Strateji Yol Xəritəsinə uyğun olaraq, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirilmiş prioritetlərə əsasən məhz İKT-nin inkişafı əsas prioritetlər sırasında olmaqla yanaşı, eyni zamanda, dövlət tərəfindən təşviq edilən və dəstəklənən sahələrdən biri hesab olunur.  Azərbaycanda bu sahənin inkişafı əsasən 2005-ci ildən sonrakı illərə təsadüf edir. Nəzərə alsaq ki, Azərbaycan həm kosmosa peykin buraxılması, həm də digər texnologiyalar sahəsində region üçün əhəmiyyətli olan bir sıra addımlara imza atıb, bu mənada informasiya-kommunikasiya texnologiyalarının təşviq edilməsi yenə də ölkəmiz üçün prioritet olaraq qalmaqdadır.

İKT-nin həyatımızın bütün sahələrinə nüfuz etməsi daha çox istehsal sahələrinin formalaşması və məşğulluq, ölkə daxilində yaranan yeni dəyər və xüsusən də qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir.

 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan “Elektron Hökumət” portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. “Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, ötən il portala 40 yeni xidmət əlavə olunub.

İKT-nin sürətli inkişafının nəticəsidir ki, artıq ölkəmizdə  müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib.

Zahid Rza,

“İki sahil”