09 iyul 2018 17:18
2118

Regionu aşan inkişaf

Azərbaycan İKT-nin inkişafına görə liderlər sırasındadır

Dünya yaranandan bəri bəşər övladının ən böyük nailiyyətlərindən biri də informasiya və kommunikasiya texnologiyalarının (İKT) ixtirasıdır. Bir zamanlar bir vilayətdən digər vilayətə məlumat çatdırmaq üçün elçilərdən, vilayət daxilində isə carçılardan istifadə olunurdusa, İKT-nin ixtirası və inkişafı ilə məlum çətinliklər aradan qalxdı. Bu gün istər şəhərdaxili, istər şəhərlərarası, istərsə də ölkələr arasında danışmaq, məktublaşmaq və hətta görüntülü söhbət etmək mümkün olur.

Regionun lider dövləti olan ölkəmizdə bütün sferalar kimi İKT sahəsi də böyük və dinamik inkişaf edir. Gündəlik rastlaşdığımız, istifadə etdiyimiz İKT-nin imkanlarının genişliyinə diqqət yetirsək inkişafın böyüklüyünün miqyasını görə bilərik. Məsələn, 1990-cı illərdə yalnız rayon-şəhər mərkəzlərində telefondan istifadə etmək mümkün idisə, bu gün işğal altında olan torpaqlarımız istisna olmaqla Respublikamızın ən ucqar kəndlərində evlər telefonlaşdırılıb, internetin imkanlarından kütləvi şəkildə geniş formada istifadə edilir.

1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində mobil telefondən çox az adam istifadə edə bilirdi. Qiymətin bahalığı da vətəndaşların mobil telefon istehlakçısına çevrilməsinə imkan vermirdi. Bu gün isə əhalinin gəlirinin artması, bazarda bolluğun olması, həmçinin məhsulların kreditlə satışı hər bir vətəndaşın mobil telefon istifadəçisinə çevrilməsinə rəvac verib. Nəzərə almaq lazımdır ki, yeni model telefonlar çoxfunksiyalı olduğu üçün internetin imkanlarından da geniş formada istifadə olunur.

İKT-nin ölkəmizdə inkişafının nəticəsidir ki, bu gün kütləvi informasiya vasitələri, ticarət obyektləri, istehsal müəssisələri İKT-nin imkanlarından istifadə edirlər. Məsələn, bu gün ölkəmizdə yüzlərlə elektron KİV, onlarla e-ticarət saytları fəaliyyət göstərir, şirkətlər, xüsusilə turizm sektorunda fəaliyyət göstərən sahibkarlar müştərilərə daha yaxın olmaq üçün saytlarını yaradaraq istifadə edirlər.

Xatırlatmaq yerinə düşər ki, XX əsrin 80-90-cı illərində insanlar ölkədə və dünyada baş vermiş hadisələrdən ya bir gün sonra qəzetlərdən, yaxud da televiziyaların “Xəbərlər” proqramının axşam buraxılışından xəbər tuturdularsa, bu gün elektron mətbuat və sosial şəbəkələr vasitəsilə hər bir hadisədən anındaca xəbər tuturlar.  Hətta internet üzərindən də televiziya kanalları və radiolar fəaliyyət göstərir.

Prezident İlham Əliyevin digər sahələrlə yanaşı İKT-nin inkişafı ilə bağlı apardığı uğurlu islahatlar nəticəsində mobil telefon hər birimizin vacib aksesuarına çevrildiyi kimi, dizüstü və stolüstü kompüterlər də dəftərimizə, kitabımıza və bilikli köməkçimizə çevrilib. Bir zamanlar kabelli yayımdan istifadə edən ölkə televiziyaları, bu gün inkişaf etmiş ölkələrin TV-ləri kimi rəqəmsal yayıma keçiblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə “Start up”çılar idealarını reallaşdırır, müxtəlif tətbiqlər, proqramlar hazırlayırlar.

Bu gün ölkəmizdə İKT o qədər inkişaf edib ki, kredit üçün elektron formada müraciət etmək mümkün olur, təyyarə biletlərinin satışı saytlar vasitəsilə də həyata keçirilir.

İllər əvvəl təqaüdçülər pensiyala

rını, həmçinin işçilər əmək haqlarını almaq üçün növbəyə dururdularsa, bu gün istədikləri zaman istədikləri bankomatdan çıxara bilirlər.

Vurğulamaq yerinə düşər ki, əhalinin sürətli artımı ilə əlaqədar olaraq obyektiv səbəblərdən müəyyən problemlərin olmasına baxmayaraq, aparılan islahatlar ölkəmizdə İKT-nin daha da inkişafı üçün böyük perspektivlər yaradır. Prezident İlham Əliyevin uzaqgörən islahatlarının məntiqi nəticəsi kimi, Azərbaycan tranzit dəhlizinin mərkəzinə çevrilir. Əbəs yerə deyil ki, informasiya və kommunikasiya texnologiyalarının istehsalında aparıcı mövqe tutan şirkətlər tranzit məsafəsini qısaltmaq, xərcləri minimuma endirmək üçün törəmə müəssisələrini Azərbaycanda təsis etmək haqqında düşündüklərini bildirirlər.

Ruslan Əliyev: “Ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin 2016-cı ilin dekabrın 6-da imzaladığı fərmana əsasən Azərbaycanda İKT sahəsi “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə addımlayır”

Məsələ ilə əlaqədar fikirlərini öyrəndiyimiz internet saytları hazırlanması və onlara texniki dəstəyin göstərilməsi, proqramlaşdırma xidməti ilə müxtəlif çətinlikdən asılı olmayaraq proqramlar yazılması, mobil tətbiqlərin hazırlanması, elektron ticarət saytlarının hazırlanması, internetdə reklam xidməti ilə elanların yerləşdirilməsi və “Google Adwrods”dan istifadə edərək saytlara daha çox insan kütləsinin cəlb edilməsi üçün məntiqi metodların hazırlanması sahəsində fəaliyyət göstərən “Time4soft” MMC-nin rəhbəri Ruslan Əliyev dedi ki, Azərbaycanda İKT-nın mövcud vəziyyətini normal qiymətləndirir: “Bakının günü-gündən gözəlləşdiyi kimi, İKT sahəsi də o cür günü-gündən çiçəklənir, daha çox inkişaf edir. Ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin 2016-cı ilin dekabrın 6-da imzaladığı fərmana əsasən Azərbaycanda İKT sahəsi “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə addımlayır”.

“Məlumdur ki, ölkəmizdə böyük DATA mərkəzi hazırlanıb və istifadəyə verilib. İnternet saytlarını bir araya cəmləmək üçün belə bir DATA mərkəzi illər öncə mən də düşünmüşdüm. Ən son “BIG DATA” 4-cü beynəlxalq forumda təqdim edilən mövzular onu göstərir ki, Azərbaycanda böyük DATA-lara ehtiyac var. Böyük DATA-ları isə mərkəzləşdirilmiş DATA mərkəzi ilə əldə etmək, eləcə də böyük DATA-ları təhlil edərək, yaranmış və yaranacaq qüsurları aşkarlamaq, düzgün qərarlar vermək olar”, deyə R.Əliyev əlavə edib.

“Time4Soft” rəhbəri təklif edir ki, İKT-nin daha da inkişafını təmin etmək üçün təhsil sahəsində ali təhsil müəssisələrinin vahid baza və infrastrukturdan istifadə etməsi həm də elektron dövlətimizə böyük fayda olacaq. Onun fikrincə, bu həm də dövlət büdcəsinə böyük fayda gətirər:  “Ölkəmizdə elektron ticarət saytları fəaliyyət göstərsə də, təəssüflər olsun ki, elektron aptek saytları yoxdur.

İnformasiya təhlükəsizliyi sahəsində dövlətimiz tərəfindən böyük işlər görülür. Lakin İKT elə bir sahədir ki, daima yenilənir, inkişaf edir. Bu səbəbdən də informasiya təhlükəsizliyi sahəsində də mütəmadi tədbirlər görmək vacib şərtdir.

Əgər biz İKT-nin daima inkişafını istəyiriksə, o zaman ictimai yerlər, xüsusilə nəqliyyat vasitələri pulsuz internet vasitələri ilə təmin edilməli, taksi və avtobus marşrutları üçün lisenziya verilərkən vacib şərt kimi tələb edilməlidir.

Bu gün dünya turizm sektorundan və istehsalat məhsullarının ixracından böyük gəlir götürürlər. Bunun da əsas səbəbi ondan ibarətdir ki, İKT-nin imkanlarından təbliğat vasitəsi kimi geniş istifadə edirlər. Hər birinin mükəmməl, internet resursları mövcuddur. Bizdə isə sayt məsələsinə ikinci dərəcəli vasitə kimi baxırlar.

Düşünürəm ki, yeni tikilən bütün binalar mütləq yüksək zolaqlı optik xətlər çəkilməsi şərt kimi tələb edilməlidir”.

Orxan Seyidov: “İKT-nin inkişafı göz qabağındadır”

Dövlət Proqramı çərçivəsində Newcastle Universitetində “İnformasiya Sistemleri və Biznes” və  Londonun King’s College Universitetində “Kompüter ve internet sistemləri” ixtisasları üzrə müvafiq olaraq bakalavr və magistr təhsili alan “Azstarnet” şirkətinin İnnovasiyalar şöbəsinin rəhbəri Orxan Seyidov da ölkəmizdə İKT-nin inkişafına göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edir: “Azərbaycanda bütün sahələr kimi informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi də sürətlə inkişaf edir. Hökumət bu sahənin daimi inkişafını təmin etmək üçün fasiləsiz olaraq müvafiq tədbirləri görür. Mobil və stasionar rabitənin təmin edilməsi üçün münbit şərait yaradılıb, keyfiyyətli fəaliyyəti təmin edilir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu uğurla fəaliyyət göstərir. İKT sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanı olan Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir. Onu da bildirim ki, xüsusilə Qərb ölkələrində “Start up”ların maliyyələşdirilməsini sahibkarlar təmin edir, bizdə isə sahibkarlar bu işlərə o qədər də maraq göstərmirlər. Bununla belə, dövlətin diqqət və qayğısı “Start up”ların kəmiyyət və keyfiyyət baxımından inkişafını şərtləndirir”.

“Azstarnet”in şöbə rəhbəri bildirir ki, İKT-nin inkişafı göz qabağındadır: “Internet World Stats”in məlumatına baxsaq görərik ki, ölkəmizdə 2000-ci ildə 12 min aktiv internet istifadəçisi var idisə, 2017-ci ilin 31 dekabr tarixində bu rəqəm 7999431 olub. Bu isə əhalinin 80,6 %-nin internetlə təmin olunması deməkdir. Dünya əhalisinə görə isə, bu rəqəm 54 %-dir. Onu da bildirim ki, “Internet World Stats”in məlumatına görə, bir çox ölkədə qadağan olunmuş “Facebook” sosial şəbəkəsinin Azərbaycanda 1,8 milyon istifadəçisi var”.

O.Seyidovun fikrincə, İKT-nin inkişafina böyük təkan xaricdə təhsil üzrə Dövlət Proqramı oldu: “2007-2015-ci illərdə 100-lərlə həmvətənimiz dünyanın ən nüfuzlu universitetlərində İKT sahəsi üzrə dövlətimizin hesabına təhsil alıblar. İndi də qazandıqları bilik və təcrübələri ölkəmizdə bu sahənin inkişafı üçün səmərəli istifadə edirlər.

Onu da qeyd edim ki, son dövrlər Azərbaycanda dünya səviyyəli bir çox İT mütəxəssisi yetişib. Çox sevindirici və fəxarətvericidir ki, artıq “Facebook”, “Microsoft”, “Cisco Systems” kimi dünyanın nəhəng şirkətlərində, hətta NASA-da azərbaycanlı mütəxəssislər çalışır”.

Müsahibimiz hesab edir ki, İKT-nin vergilərdən azad edilməsi bu sahənin daha çox inkişafı üçün yeni bir təkan olar: “Qeyd edim ki, belə bir təkliflə “Caspian European Club”nun (CEIBC) icraçı direktoru Telman Əliyev də “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” III Vergi forumunda çıxış edib”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir