12 iyul 2018 15:40
1627

143 yaşlı mətbuatımız...

2018-ci il ölkəmizin tarixi, mədəni, ictimai-siyasi həyatında bir çox mühüm hadisələrlə yadda qalacaq. Bu ili əlamətdar edən əsas məqamlardan biri ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bu qərardan irəli gələrək ölkədə və ölkəmizdən kənarda xeyli sayda tədbirlərin keçirilməsi, ilk universitet, Milli Ordu, dövlət, parlament və s. kimi önəmli hadisələrin yubileylərinin qeyd edilməsidir.

Zaman keçdikcə öz dəyərini daha artıran xüsusi əlamətdar tarixlər sırasında mətbuatın da ayrıca çəkisi var. Heç şübhəsiz Azərbaycan mətbuatı özünün yaranma tarixi, keçdiyi inkişaf yolu, bu günü və gələcəyə olan hədəfləri ilə hər zaman diqqət mərkəzindədir. İnformasiya əsrində yaşadığımızı və jurnalistikanın hər bir ölkə üçün nə dərəcədə önəmli olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı  üzərinə düşən əsas vəzifəni yerinə yetirmək iqtidarındadır.

Bu il Azərbaycan mətbuatının yaranmasının 143 ili tamam olur. 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə əsası qoyulan 143 yaşlı milli mətbuatımız zaman keçdikcə dəyərini daha da artırır.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdilər. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 143 yaşlı mətbuatın 70 ili bu kommunist diktaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1990-ci illərin ikinci yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox Sərəncam və Fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Gündən-günə müasirləşən Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatda da dövlətin diqqəti, dəst-xətti xüsusi seçilir. Bütün bunların nəticəsində artıq ölkəmizdə mətbuat-hakimiyyət dostluğu var ki, inkişaf etmiş ölkələrin əksəriyyətində bu münasibətlər mükəmməl şəkildə tənzimlənmir. Jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, onların mənzillə təmin olunması istiqamətində balanslaşdırılmış siyasət, eyni zamanda, jurnalistlərin hüquqlarının qorunması, söz, mətbuat, ifadə azadlığının təmin edilməsi gənc ölkə olaraq Azərbaycanın imicini daha yüksəklərə qaldırır. Hər bir ölkənin düşünən beyini onun yazan əlində təsdiqini tapır. Bu baxımdan jurnalistikanın dövlət tərəfindən yüksək qiymətləndirilməsi və dövlətin idarə edilməsində  mətbuatın rolunun artması onu deməyə əsas verir ki, Azərbaycan mətbuatı ötən 143 ildə olduqca böyük tarixi inkişaf yolu keçmiş, bununla yanaşı, zaman ötdükcə daha da təkmilləşmiş və müasir dövrün tələblərinə tam cavab verməyə hazırlanmışdır.

Şəfiqə Dadaşova,

“İki sahil”