11 oktyabr 2018 22:23
2695

Bu smartfon 4 arxa kamera ilə təchiz olunub

Yeni “Samsung Galaxy A9” smartfonu 4 arxa kamera ilə təchiz olunub

“Samsung Electronics” şirkəti ilk dəfə 4 arxa kamera ilə təchiz edilən yeni “Galaxy A9” smartfon modelini təqdim edib.

AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, “Samsung Galaxy A9” həm gündüz, həm də zəif işıqlandırma şəraitində çəkiliş üçün nəzərdə tutulan 24 meqapikselli sensorla (f/1.7, avtomatik fokuslanma) yanaşı, itkisiz ikiqatlı optik zum (10 meqapikselli sensor, f/2.4, avtomatik fokuslanma) üçün teleobyektiv, enlibucaqlı modul (baxış bucağı 120 dərəcə, 8 meqapiksel, f/2.4) və 5 meqapikselli kadr dərinliyi ötürücüsü ilə təchiz edilib.

Məlumata görə, yeni smartfon “Qualcomm Snapdragon 660” prosessorlu səkkiznüvəli sistemdən, 2,2 QHs takt tezliyində işləyən 4 nüvədən və 1,8 QHs tezlikli daha 4 nüvədən istifadə edir. Operativ yaddaş 6, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Bundan əlavə, qurğu 512 giqabayt tutumlu “microSD” yaddaş kartını, “Samsung Pay” funksiyası vasitəsilə “NFC” protokolunu və ödənişləri dəstəkləyir.

Smartfon “SuperAMOLED” matrisalı “FullHD ” (1080 x 2220 piksel) təsvir ölçülü 6,3 düymlük ekranla təchiz olunub. Çəkisi 183 qrama bərabər qurğu ölçüsünə görə sentyabrın sonunda təqdim edilən “Galaxy A7” modelindən böyükdür: 162,5 x 77 x 7,8 millimetr. Ötənilki “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy A9” modelinin akkumulyator tutumu 3800 milliamper/saat təşkil edir.