13 aprel 2018 20:35
1675

Filippində “Facebook”a qarşı təhqiqatlara başlanıb

Filippin Şəxsi Məlumatların Qorunması üzrə Milli Komissiyası istifadəçilərin məlumatlarının sızması ilə əlaqədar “Facebook” şirkətinə qarşı təhqiqatlara başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat yerləşdirilib. Məlumatda deyilir: “Şəxsi Məlumatların Qorunması üzrə Milli Komissiya Mark Tsukerberqin məlumatların “Cambridge Analytica”ya ötürülməsi zamanı şirkətin yol verdiyi və Filippin vətəndaşları olan istifadəçilərə də problemlər yaradan səhvləri etiraf etməsindən sonra “Facebook”a qarşı təhqiqatlara başlayır”.

Komissiya şirkətin təsisçisinə məktub göndərərək, həmin hadisə ilə bağlı sənədlərin təqdim olunmasını tələb edib. Məqsəd sızma nəticəsində filippinli istifadəçilərə təsirin əhatə dairəsini və dərəcəsini müəyyən etməkdir.

Xatırladaq ki, “Facebook” şirkəti xüsusən ABŞ-dan olan 87 milyon istifadəçisi barədə məlumatları səhvən “Cambridge Analytica” şirkətinə ötürdüyünü aprelin 4-də təsdiq edib. Britaniya şirkəti bildirib ki, müqaviləyə əsasən, o 30 milyon şəxs haqqında məlumatları almaq hüququna malik olub.