21 noyabr 2017 21:04
807

Gələn il informasiya və rabitə sektorunda 5,1 faiz artım gözlənilir

İnformasiya və rabitə sektorunda 2018-ci ildə 5,1 faiz, növbəti illərdə isə orta hesabla 6 faizə yaxın artım gözlənilir. Növbəti illərdə İKT xidmətlərinin keyfiyyətinin, onlara çıxış imkanlarının və ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması üzrə tədbirlər həyata keçiriləcək. Yüksək Texnologiyalar Parkı Konsepsiyası çərçivəsində İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, böyük potensiala malik olan nəqliyyat sektorunda “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin Azərbaycan hissəsində beynəlxalq yük axınlarının artırılması üçün daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üzrə sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi tədbirləri davam etdiriləcək. Bu tədbirlərin nəticəsində ilin 9 ayında ölkə ərazisindən 7,7 milyon ton yük daşınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 19 faiz, qeyri-neft məhsullarında isə 21 faiz artım əldə olunub.