15 noyabr 2017 22:15
674

Kompüterləri yoluxduran yeni virus aşkarlanıb

“Word” sənədləri vasitəsilə kompüterləri yoluxduran yeni virus aşkarlanıb

Məlumatların mühafizəsi üzrə mütəxəssislər xüsusi “Microsoft Office” sənədləri vasitəsilə “Windows” əməliyyat sistemini yoluxduran yeni kompüter virusu aşkar ediblər.

AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, virusun əsas xüsusiyyəti ondadır ki, qurğu “Word” makroslarından istifadə etmədən yoluxdurulur. Hakerlər bu məqsədlə ixtiyari kodu digər fayllardan yerinə yetirməyə imkan verən “Dynamic Data Exchange” (DDE) proqram mexanizmindən istifadə edirlər.

"Yoluxmuş faylı qəbul edən istifadəçi onu “Word” proqramında açır və sonrakı mərhələ asanlaşır. DDE sayəsində uzaq serverlə qoşulma yaradılır, virusun digər hissələri yüklənilir. Bu halda antiviruslar köməyə gəlmir", – deyə nüfuzlu ekspertlər təhlükə haqda xəbərdarlıq ediblər.

“Microsoft” korporasiyası artıq yeni təhlükəyə reaksiya verib və “Office” proqram paketinin istifadəçiləri üçün kitabça buraxıb.

“Office” istifadəçiləri şübhəli sənədi açarkən meydana çıxan bütün dialoq pəncərələrində ardıcıl “bəli” düyməsinə sıxmalı deyillər. Bu sadə qaydaya əməl olunsa, o zaman “Word” vasitəsilə virusa yoluxma ehtimalı xeyli azalır.