18 sentyabr 2017 15:34
587

Kamera və məlumatlara girişi üçün icazə tələb olunacaq

“Windows 10” sistemində proqramların kamera və məlumatlara girişi üçün icazə tələb olunacaq

“Microsoft” şirkəti oktyabrın 17-də çıxarılacaq “Windows 10” əməliyyat sisteminin yenilənməsində (“Fall Creators Update”) proqramların kompüter sistemləri və istifadəçi məlumatlarına giriş siyasətinə aid olan bir sıra dəyişikliklər tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, indi quraşdırmadan sonra bütün proqramlar işə başlamazdan öncə qurğunun kamerası, mikrofon, kontakt, təqvim və başqa məlumatlara giriş üçün icazə istəyəcək. “Android” mobil əməliyyat sisteminin son versiyalarında proqramların hüquqları məhz bu qaydada tənzimlənir.

Bildirilir ki, cari ilin aprelində “Microsoft” şirkəti tənqidçilərin təzyiqi altında onun əməliyyat sistemi tərəfindən toplanılan məlumat tiplərinin tam siyahısını təqdim etməyə dair qərar verib. "Biz ilk dəfə standart səviyyədə toplanılan diaqnostik məlumatların tam siyahısını dərc edirik, – deyə “Windows”un top meneceri Terri Mayerson bildirib.

“Microsoft” tərəfindən toplanılan məlumatlara baxmağa imkan verən alət “Windows 10” sisteminin son yenilənməsinin (“Creators Update”) tərkibinə daxil edilib.