28 sentyabr 2018 17:56
2843

Şirin səyahət: Azərbaycan turistləri fərqli qarşıladı

Dövlət Turizm Agentliyi tərəfindən 27 sentyabr -Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Agentlikdən bildirilib ki, ilk dəfə olaraq ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılanıb, 24 saat ərzində ölkəyə hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunub. Bundan əlavə, gün ərzində Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına 50 faiz endirim tətbiq olunub, “Yanardağ” və “Atəşgah məbədi” dövlət qoruqları isə ödənişsiz fəaliyyət göstəriblər. Həmçinin Fəvvarələr meydanında milli sənətkarlıq nümunələrinin nümayişi və ustad dərsləri keçirilməklə yanaşı, axşam saatlarında canlı konsert təqdim edilib. Sənətkarların əl işlərindən ibarət sərgi dörd gün davam edəcək.

Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunacaq növbəti irimiqyaslı tədbir Bakı Konqres Mərkəzində baş tutacaq. Belə ki, oktyabrın 18-də Milli Turizm Sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı olacaq.