03 oktyabr 2018 14:49
2984

Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri sırasındadır

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1,325 milyon nəfər turist gəlib

Bu gün turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biri hesab edilir. Dövlət başçısı İlham Əliyev Azərbaycanda bu sahənin sürətlə inkişaf etməsinə xüsusi qayğı ilə yanaşır. Sözsüz ki, turizm sektorunun hərtərəfli inkişafı ölkə iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyinə bir nümunədir. Bu inkişaf növbəti illərdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə, dövlət büdcəsinə bu sahədən daxil olan vəsaitlərin artmasına gətirib çıxaracaq.

Hazırda Azərbaycanın turizm sektorunun böyük perspektivə malik olduğu beynəlxalq səviyyədə də etiraf edilir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) daha da inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün bu amillər nəzərə alınaraq ölkəmizdə turizmin müxtəlif sahələrinin inkişafı üçün lazımi şərait yaradılıb. 2011-ci ilin Azərbaycanda “Turizm İli” elan olunması bu sahənin inkişafına xüsusi təkan verib. Görülən işlər artıq uzun müddətdir ki, müsbət nəticəsini büruzə verir. Son illər ölkəmizə müxtəlif ölkələrdən çoxlu sayda turistlər gəlir. Bunun bir səbəbi də onunla bağlıdır ki, ölkəmiz turistlərin səfər etdiyi ölkələr arasında ən arzuolunandır. Bu, beynəlxalq təşkilatların tərtib etdiyi reytinq sorğularında da əks olunur.

Bu günlərdə “Bloomberg” agentliyi BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən Top-10 istiqamətləri üzrə yeni reytinqini tərtib edib. Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri siyahısında yeddinci yerdə qərarlaşıb. Reytinqdə qeyd olunur ki, Azərbaycanda dünyanın ən iri turizm şirkətlərindən birinin - “Intrepid Travel”in xətti ilə otel bronlama 322 faiz artıb. Sürətlə inkişaf edən turizm istiqamətlərinə Türkiyə, Gürcüstan, Makedoniya, İslandiya və digər ölkələr də daxil olub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1,325 milyon nəfər turist  gəlib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Azərbaycanın sürətlə populyarlaşan turizm istiqamətləri arasında olduğunu ekspertlər də təsdiqləyirlər. Artıq uzun illərdir ki, Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirak edir. Həmçinin dünyanın aparıcı telekanallarında Azərbaycanın turizm imkanları geniş şəkildə reklam olunur. Əksər xarici ölkələrdə Azərbaycanın turizm nümayəndəlikləri yaradılıb. Bu ilin əvvəlində turizmin daha da sürətlə idarə olunmasını həyata keçirmək üçün Dövlət Turizm Agentliyi yaradılıb. Heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin bu sahəyə qayğısı xüsusi olaraq vurğulanmalıdır. Çünki son illər dövlət başçısı İlham Əliyev turizmin inkişafına yönələn çoxlu sayda sənədlərə imza atıb. Keçirilən əksər müşavirə və iclaslarda turizmin inkişafı məsələsi müzakirə olunur. Ona görə də beynəlxalq reytinq sorğularında Azərbaycanın ön sıralarda olması təbiidir. Ekspertlər bildirirlər ki, turizmin inkişafı ilə bağlı görülən və görüləcək işlər sayəsində yaxın gələcəkdə Azərbaycan turistlərin ən çox səyahət etmək istədiyi ilk beş ölkə arasında olacaq.

Cavid Əkbərov, “İki sahil”