17 oktyabr 2018 22:47
3520

Yay mövsümündə Astaraya 6 mindən çox turist gəlib

Bu ilin doqquz ayında Astara rayonunda mehmanxana və otellərdə qeydiyyata alınan 2221 nəfər turistdən 1271-i yerli, 950-si isə xarici vətəndaş olub. Rayona gələn turistlərin əksəriyyətinin fərdi yaşayış evlərində kirayədə qalmağa üstünlük verdiyini nəzərə almaqla, yay mövsümündə Astaraya 6000 nəfərdən çox turist gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rəqəmlər Astara Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu ilin doqquz ayının nəticələri astaralılar üçün də uğurlu olub: “Bu dövrdə ən yaddaqalan hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı Astarada olması və bir sıra obyektlərin açılışında iştirak etməsidir. Dövlətimizin başçısı Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının, Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışında iştirak edib. Dövlətimizin başçısı, eyni zamanda, ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində olub. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident görülən işləri yüksək dəyərləndirib, tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verib”.

Bu səfərin nəticəsi olaraq Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisi, sel və daşqın təhlükəsi olan Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar sərəncamların imzalamasını dövlətimizin başçısının astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən Q.Ağayev, bütün bunlara görə rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, sentyabrın 18-də tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun Prezident İlham Əliyev tərəfindən açılışı olub. 15 metr eni və 4 hərəkət zolağından ibarət olan yolun uzunluğu 204 kilometrdir. Əvvəlki avtomobil yolundan 40 kilometr qısa olan yolla rahat və təhlükəsiz şəkildə iki saat yarıma Bakıya çatmaq mümkündür.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Qızbəs Məmmədovanın bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafın yekunları barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, bu dövrdə rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul buraxılışı və xidmətlərin həcmi 136 milyon təşkil edib. Bunun 7,7 faizi sənayedə, 38,7 faizi kənd təsərrüfatında, 17 faizi tikintidə, 34 faizi ticarət və xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,5 faizi informasiya və rabitədə olub. Doqquz ayda rayonda 487 yeni iş yeri açılıb. Bunun 288-i daimi iş yeridir. Astara Rayon Məşğulluq Mərkəzində 1189 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb. Mərkəzə iş üçün müraciət edənlərin 736 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 93 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilərək onların özünüməşğulluğu təmin olunub.

Bildirilib ki, hesabat dövründə Astara şəhərindəki park-bulvarın ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində atçılıq və maşın yarış meydançasının (kartinq), həmçinin Səncərədi kənd uşaq bağçasının, şəhərin içməli su şəbəkəsinin inşası başa çatıb, “Tuado” otelinin, 6 istirahət evinin, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir.

Doqquz ayda rayonda 262 evin qazlaşdırılması həyata keçirilib, 10400 paqonmetr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 3140 paqonmetr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 262 ədəd fərdi qaz tənzimləyici quraşdırılaraq istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, bu dövrdə rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Rayon üzrə 252 hektarda taxıl, 450 hektarda çəltik əkilib. Çəltik sahələrindən 16560 ton məhsul yığılıb və orta məhsuldarlıq 36,87 sentner təşkil edib. Sitrus meyvə bağlarının ümumi sahəsi 3642 hektara çatdırılıb, 197 hektar məhsuldar çay sahəsindən 483,5 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib. Bu il ilk dəfə olaraq Astarada uzun illik fasilədən sonra barama istehsalına başlanılıb. May ayında Qax rayonundan 52 qutu ipəkqurdu gətirilərək kümçülərə paylanılıb, 769 kiloqram barama tədarük olunaraq “Azərİpək” ASC-yə təhvil verilib.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 40370 baş iri, 22000 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı, 200 min başdan çox ev quşları, 17500 arı ailəsi var. Doqquz ayda 2900 ton diri çəkidə ət, 20 min 360 ton süd istehsal olunub.

Məruzə ətrafında müzakirələrdə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Tağı Şirinov, rayon telekommunikasiya qovşağının rəisi Rəsul Nəsirov, təhsil şöbəsinin müdiri Rəşad Həsənov çıxış edərək, görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev ölkəmizdə aparılan islahatlardan, tikinti-quruculuq işlərindən söz açıb, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının qəbul edəcəyini diqqətə çatdırıb.

Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.