19 oktyabr 2018 15:59
3646

Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir

İngiltərənin məşhur "The Guardian" nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib. Siyahıda Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin də adı var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "The Guardian" oxucularının rəylərinə əsasən müəyyənləşdirdiyi siyahıdakı hər bir məkan haqqında qısa məlumat və fotoşəkil də dərc edib.

Xınalıq haqqında yazılan məlumatda Azərbaycanın ən yüksək kəndinin Qafqaz dağlarının zirvəsində yerləşdiyi, əhalisinin heyvandarlıqla məşğul olduğu qeyd olunub. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı bildirilir. "The Guardian" yazır ki, Qubadan Xınalığa 18 funt sterlinq xərcləməklə getmək olar. Qonaqpərvər kənd sakinlərinin evində gecələmək və ləziz yeməklərdən dadmaq üçün də bir o qədər xərc tələb olunur.

Qeyd edək ki, Xınalıq kəndi Qubanın rayon mərkəzindən 65 kilometr məsafədə yerləşir. Bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan olunub.