09 aprel 2018 18:42
1639

Bakı turist və səyahətçilər üçün cəlbedici istiqamətdir

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu mətbuat orqanı olan “Al Khaleej” qəzetində Azərbaycanın turizm cəlbediciliyindən bəhs edən “Bakı – turist və səyahətçiləri üçün cəlbedici istiqamətdir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə dünyada turizm populyarlığı getdikcə daha da artmaqda olan Bakının görməli yerləri, qədim tarixi və zəngin mədəni-tarixi abidələri barədə geniş məlumat verilir. Qeyd olunur ki, məşhur turizm istiqaməti olan Azərbaycan turistlərə ölkə ilə yaxından tanış olmaq üçün maraqlı tədbirlər və marşrutlar təklif edir.

Məqalədə Xəzərin sahilində, paytaxt Bakıda UNESCO-nun Dünya İrsi Siyahısına daxıl edilmiş Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və üstündə 6000 yazısı olan Qobustan qayaları arxeoloji abidə kompleksinə, onların tarixi və mədəni əhəmiyyətinə xüsusi diqqət çəkilir. Müəllif səyahətçilər üçün böyük maraq kəsb edən Azərbaycanın Xalça Muzeyindən, Yanardağ təbiət abidəsindən, palçıq vulkanlarından və ölkədə keçirilən Novruz bayramı şənliklərindən də söhbət açır.

Məqalədə müasir Bakının rəmzlərindən biri hesab olunan Heydər Əliyev Mərkəzinə xüsusi diqqət yetirilir və 2012-ci ildə inşa edilən bu bina dünya memarlığının incisi kimi dəyərləndirilir.