30 mart 2018 14:07
1632

Avstriyada qış turizmində yeni rekord qeydə alınıb

Avstriyanın turizm iqtisadiyyatı üçün 2017-2018-cı ilin qış mövsümündə yeni rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Vyana, Zaltsburq və Tirol istiqamətlərində istirahət etməyə üstünlük verən turistlərin sayəsində ölkənin həm iri şəhərlərində, həm də dağ-turizm regionlarında otel gecələmələrinin sayı artıb. Avstriya Statistika İdarəsinin məlumatına görə, hələ başa çatmamış qış mövsümünün noyabr-fevral ayları ərzində ölkədə 49 milyon turist gecələməsi qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artım deməkdir. Ölkənin türizm mərkəzlərinə üz tutan şəxslərin sayı isə 13,26 milyon nəfər təşkil edib. Turistlər arasında yerli əhali ilə yanaşı (11,02 milyon gecələmə), Niderland (4,3 milyon gecələmə) və Almaniya (18,26 milyon gecələmə) vətəndaşları üstünlük təşkil ediblər.

Qış turizmi üçün Avstriya dağlarını seçən turistlər bütün otel kateqoriyaları ilə yanaşı kirayəyə çıxarılan fərdi mənzil və evlərə də üstünlük veriblər. Fərdi ev və mənzillərin kirayələnməsində ötən illə müqayisədə 12,9 faiz artım turist gecələmələrində yeni trendin cəlbediciliyindən xəbər verir.