22 mart 2018 18:43
1843

Bayramda Quba və Qusara gələn turistlərin sayı xeyli artıb

Bayram günlərində Quba və Qusar rayonlarına gələn turistlərin sayı xeyli artıb

Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.

“Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də turizm mərkəzində bayram günlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb. Bu il bayram günləri üçün Turizm Mərkəzində yerləşən otellərdəki yerlərin 80 faizdən çoxu əvvəlcədən sifariş verilib.

Rusiyada fəaliyyət göstərən turizm şirkətinin nümayəndəsi Timur Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, onların şirkəti vasitəsilə hər həftə Dağıstan Respublikasından Qusara onlarla turist gəlir: “Bizim şirkətə müraciət edən turistlər “Şahdağ”dan çox razı qalırlar. Burada xidmət səviyyəsi yüksəkdir. Kanatlar, xizək yolları turistlərin ürəyincədir. Həm də bizə məsafə baxımından çox yaxındır. Buna görə də tez-tez gəlirik”.

Şahdağ Turizm Mərkəzində dincələn kanadalı turist Aleksandr Kote Azərbaycana ailəsi ilə birlikdə gəlib. “Çox bəyəndim. Buranın təbiəti xoşuma gəldi. Gözəl və əyləncəli istirahət məkanıdır”, - deyə kanadalı qonaq bildirib.

Çoxsaylı yerli turistlərdən biri Rafael Səlimov AZƏRTAC-a müsahibəsində Azərbaycanda belə bir müasir istirahət mərkəzinin olması ilə qürur duyduğunu deyib: “Dünyanın bir çox ölkələrində olmuşam. Müqayisə edəndə görürsən ki, burada yaradılan şəraitlə yanaşı, xidmətlərin səviyyəsi də yüksəkdir. Düzdür, hələ bir çox xidmətlərdən faydalanmamışam. Amma gördüklərim müsbət fikir söyləməyə əsas verir.”

Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.

Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar.

Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub.

Gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.