21 mart 2018 22:37
1563

Turistlər üçün ən cəlbedici ölkə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı prioritet təşkil edir. Son illərdə həyata keçirilən tədbirlər, dövlət başçısının rəhbərliyi ilə reallaşan siyasi kurs özünün müsbət nəticələrini göstərməkdədir. İqtisadi inkişafın statistik göstəricilərində qeyri-neft sahəsinin üstünlüyü aşkar müşahidə edilməkdədir.

İqtisadi inkişafın sürətinə görə dünya ölkələrinin ilk sıralarında yer alan Azərbaycan hazırda turistlərin maraq dairəsinə görə də bir çox beynəlxalq təşkilatların reytinqlərində lider ölkələrdəndir. Son illərdə turizmlə bağlı ən görməli şəhərlərin siyahısında paytaxtımız Bakının adı ön sıralarda çəkilir.

Bütün bunlar turizm sahəsində dövlət siyasətinin uğurları kimi qiymətləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ildə Azərbaycanda turizmin vəziyyəti ilə bağlı açıqladığı son hesabatdan da görünür ki, ölkəmizdə bu sektor və xidmət səviyyəsi yüksələn xətlə inkişaf edir.  

Azərbaycanda turistlərin rahatlığı məqsədilə müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, viza sisteminin sadələşdirilməsi ildən-ilə Azərbaycana gələn xarici turistlərin sayının artması ilə müşayiət olunur. Təbii ki, bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərir və Azərbaycana daxil olan vəsaitin yüksəlməsinə səbəb olur. Bu, Azərbaycan Mərkəzi Bankının məlumatlarında da öz təsdiqini tapıb. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, ötən il ölkəmizə gələn xarici vətəndaşların bank kartları ilə əməliyyatları 1 milyard manatdan çox olub. Bu isə 2016-cı illə müqayisədə 70% artım deməkdir. İlin müxtəlif aylarında bu artım daha çox müşahidə edilir. Belə ki, turistlərin Azərbaycana gəlməyə üstünlük verdikləri aylarda - iyul, avqust və sentyabr aylarında bu vəsait daha yüksək olmuşdur.

Müxtəlif ölkələrdən gələn turistlərin sayında da ildən-ilə artım müşahidə edilməkdədir. Ümumi turistlərin sayının artması ilə yanaşı, bəzi ölkələrdən gələn xarici vətəndaşların sayında yüksək artım vardır. 2017-ci ildə ölkəmizə gələn turistlərin sayında ümumilikdə 20 faiz artım olmuşdur. Turist sayına görə ötən il rekord nəticə əldə edilmişdir. Belə ki, 2017-ci ildə indiyədək müşahidə edilən ən yüksək göstəriciyə nail olunmuşdur - 2,7 milyon nəfər.

Dövlət Miqrasiya Xidmətinin hesabatına əsasən, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Ölkəyə gələn xarici vətəndaşlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin payına düşür.

Onu da qeyd edək ki, turizmdə belə yüksək nailiyyətlərin əldə edilməsinə ötən illərdə bu sahədə həyata keçirilən tədbirlərin mühüm təsiri olmuşdur. 2017-ci ildə Azərbaycanda turizm üçün xarakterik sahələrdə çalışan işçilərin sayı 54.600, bu sahə üzrə qoyulan investisiyaların həcmi 91 milyon manat, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 18.700 olub.

Turistlərə göstərilən xidmət səviyyəsinin və çeşidlərinin artırılmasına da xüsusi diqqət yetirilir.

Yuxarıda sadalananlar göstərir ki, turizmin inkişafı həm də ölkədə sosial siyasətin tərkib hissəsidir. Turizm sahəsində yeni xidmət sahələrinin yaradılması həm də yeni iş yerlərinin açılamsı deməkdir. Statistika göstərir ki, son illərdə Azərbaycanda turizm sahəsi ilə mşğul olan şirkətlərin sayı xeyli artıb. Turizmin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar 2017-ci ildə bu cür müəssisələrin sayı 100% -dən çox artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edən qeyri-neft sektoru, eləcə də onun tərkib hissəsi olan turizm sahəsi ildən-ilə yüksək sürətlə inkişaf edir və dövlətin iqtisadi həyatında prioritet sahəyə çevrilib. Hazırda Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu günlərdə paytaxt Bakıda aparılan müşahidələr göstərir ki, ölkəmizə turist axını yenidən canlanma dövrünü yaşayır. Təbii ki, bunun səbəblərindən biri də viza rejiminin sadələşdirilməsidir. Məsələn, qonşu İran İslam Respublikası ilə son razılşamaya görə, artıq bu ölkənin vətəndaşları Azərbaycanın gömrük məntəqələrində viza əldə edə bilirlər. Bütün bunlar turizmin perspektivdə daha geniş miqyasda inkişaf edəcəyini söyləməyə əsas verir.

Taleh Turqut, “İki sahil”