24 avqust 2017 14:34
691

Lənkərana bu il 14 mindən çox turist gəlib

Lənkəran rayonu özünün təbiəti, eləcə də zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. İlin hər fəslində gözəlliyi ilə insanları sehrinə salan cənub bölgəsinin mirvarisi səfalı meşələri, dagları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadıgı qumlu sahilləri ilə turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır.

AZƏRTAC xəbər verir ki, Lənkərana gələn turistlər burada yaradılan yeni infrastrukturdan, yüksək xidmət mədəniyyətindən razı qaldıqlarını, eləcədə, təbiətin əsrarəngiz gözəlliyinə heyran olduqlarını bildirirlər.

Rayonda olan 14 mehmanxana və hotellərdə eyni vaxtda 1000-1200-nəfər turistin dincəlməsi üçün lazımı şərait yaradılıb. Hazırda rayonun turizm obyektlərinə və istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan gələn turistlərlə yanaşı, əcnəbi turistlərdə vardır. Lənkərana gələn turistləri ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi yanaşı, yerli mətbəxə aid müxtəlif növ yeməklərdir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə türizm marşurutları da müəyyənləşdirilib.

Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun AZƏRTAC-a bildirib ki, ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.