21 iyul 2017 23:51
3088

Turizmin inkişafı yeni mərhələdə

Ötən 6 ayda ölkəmizə 1 milyon 200 minə yaxın turist gəlib

Ölkəmizdə qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlərdən biri də turizm sahəsidir. Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi xarici ölkə vətəndaşlarında ölkəmizə qarşı marağın artmasına səbəbə olub. Burada son illərdə Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq forum və tədbirlərin, eləcə də böyük idman yarışlarının da rolunu xüsusi vurğulamaq vacibdir.

Turizmin son bir neçə ildəki sürətli inkişafından bəhs edərkən ilk növbədə, bir amili qeyd etmək zəruridir ki, sektorun bugünkü inkişafının əsasında 2000-ci illərin əvvəllərindən ölkəmizdə gedən sürətli iqtisadi inkişaf dayanır. Bu illərdə turizm sahəsində yeni və müasir infrastrukturun yaradılması Azərbaycana gələn turistlərin sayının da bir neçə dəfə artmasına zəmin yaradıb. 2003-2013-cü illəri əhatə edən onillik dövrdə mövcud olan statistik göstəricilər turizmin son illərdəki inkişafı haqqında aydın təsəvvür yaradır. Mədəniyyət və Turizm Nazirliyinin hesabatlarına görə, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479,0 milyon dollaradək yüksəlib.

Bütün bu irəliləyişlər turizm sahəsində həyata keçirilən dövlət siyasətinin, müvafiq iki dövlət proqramlarının uğurlu icrasının nəticəsində əldə edilib. Lakin Azərbaycana böyük turist axınının başlanması əsasən 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasından sonra daha da geniş miqyas almağa başlayıb. 2015-ci ildəki ilk Avropa Oyunları, o cümlədən 2016 və 2017-ci illərdə keçirilən Formula-1 yarışları, eləcə də IV İslam Həmrəyliyi Oyunları isə ölkəmizə gələn turistlərin artmasında müstəsna rol oynayıb. Beləliklə, 2016-cı ildə Azərbaycana demək olar ki, rekord sayda xarici ölkə vətəndaşı gəlib. Statistikaya görə, ötən il ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub. Bu isə 2015-ci il ilə müqayisədə 11,7 faiz artım deməkdir.

Son illərdə Azərbaycanda turizm sektorunun tərəqqisi müvafiq beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda qlobal turizmin rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, 2012-2013-cü illər hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Son illərdə turizm sektorunun sürətlə inkişaf etməsi bu sahədə həyata keçirilən islahatlarla da bağlıdır. Buraya həm müvafiq dövlət strukturlarında aparılan təkmilləşdirmələr, həm də turizm xidmətlərinin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində görülən işlər daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq 15 regional mədəniyyət və turizm idarəsi yaradılmış və onların fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu günlərdə Şəmkir rayonunda keçirilən Mədəniyyət və Turizm Nazirliyinin respublika müşavirəsində qeyd edilib ki, regional idarələrin yaradılması mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. İlin ilk altı ayının təhlili göstərir ki, həyata keçirilən islahatlar uğurlu nəticələrini verməkdədir. Həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənib. Müşavirədə qeyd olunub ki, ölkəmizə gələn xarici turistlərin sayı artmaqdadır. Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır.

Qeyd edək ki, görülən işlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ilbəil artmaqda davam edir. 2017-ci ilin birinci yarısının statistik göstəricilərinə əsasən demək olar ki, bu il də eyni tendensiya davam edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, cari ilin altı ayı ərzində Azərbaycana 1 milyon 200 minə yaxın turist, daha doğrusu, 1. 199. 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə (966. 497 nəfər) 24 faiz çoxdur.

Bu artım ayrı-ayrı ölkələr üzrə də xeyli fərqlənir. Məsələn, əvvəlki illərlə müqayisədə cari ilin altı ayında Rusiyadan 17% (374 491 nəfər), Gürcüstandan 4% (254 425 nəfər), İrandan 89% (180 103 nəfər), Birləşmiş Ərəb Əmirliklərindən 338% (44 196 nəfər) daha artıq turist gəlmişdir. Turistlərin çoxluğu digər ölkələrdən gələnlərdə də müşahidə edilməkdədir. Bu artım digər məsələlərlə yanaşı, bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları ilə də bağlı olmuşdur. Ötən ilki Formula-1 yarışı ilə müqayisədə 2017-ci ildə bu yarışı izləmək üçün Azərbaycana gələn xarici vətəndaşların sayı iki dəfə artıq olub və onlar 65 ölkəni əhatə ediblər. 

Görünən odur ki, Azərbaycanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyur. Burada yeni infrastrukturun yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin və idman yarışlarının da xüsusi payı göz önündədir.

Taleh Turqut, “İki sahil”