19 oktyabr 2017 19:19
784

Du Can: Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür

Çin ilə Azərbaycan arasında turizm mübadiləsinin həyata keçirilməsi istiqamətində müvafiq sənədin imzalanması gözlənilir

Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür və bu sahədə əməkdaşlığa hər zaman hazırdır. Bu fikri Çin Dövlət Turizm Administrasiyasının nazir müavini Du Can Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ilə görüşdə deyib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Nazir müavini Du Can sentyabrın 11-17-də Çinin Çendu şəhərində keçirilmiş Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İcraiyyə Komitəsinin sədri qismində iclasın işinə müsbət töhfə verdiyini söyləyib.

Səfir Ə.Zeynallı Azərbaycan və Çin arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərdiyini, habelə 2016-cı ildən etibarən Azərbaycan hökuməti tərəfindən çinli turistlər üçün vizaların sadələşdirildiyini diqqətə çatdırıb, iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Görüşdə Çin ilə Azərbaycan arasında geniş miqyasda turizm mübadiləsinin həyata keçirilməsi istiqamətində müvafiq sənədin imzalanması ilə bağlı müzakirələr aparılıb və hər iki tərəf sənədin ən tez zamanda imzalanması ilə bağlı maraqlarını ifadə ediblər.