19 fevral 2018 14:28
1199

“Sabahın alimləri” məlum oldu

Onlar Azərbaycanı ABŞ-dakı müsabiqədə təmsil edəcəklər

20 nömrəli tam orta məktəbin akt zalında final mərhələsi üç gün öncə başlanan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri müəyyənləşdi. Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin mükafatlandırma mərasimində təhsil nazirinin vəzifələrini icra edən Ceyhun Bayramov çıxış edərək yeddi il ərzində müsabiqənin uğur qazandığını və populyarlaşdığını bildirdi. C.Bayramov bu müddət ərzində müsabiqədə ümumilikdə 1.187 nəfər iştirak etdiyini, onlardan 549-nun qızlar, 638-nin isə oğlanlar olduğunu qeyd etdi: “Bu il isə final mərhələsinə ümumilikdə 8 nominasiya üzrə 79 şagirdin hazırladığı 46 layihə münsiflər heyəti tərəfindən seçilib. Onlardan isə 12 şagird tərəfindən təqdim olunan 7 layihə birinci yerə layiq görülərək ölkəmizi ABŞ-da keçiriləcək İnteI İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil etmək hüququ qazanıb. İkinci yerə 28 şagirdin hazırladığı 15 layihə, üçüncü yerə isə 39 şagirdin hazırladığı 24 layihə layiq görülüb”.

Qeyd edək ki, müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik və kompyuter elmləri üzrə keçirilir. Sonda qaliblərə diplom, medal və pul mükafatları verildi. 

Taleh Bağırov, “İki sahil”