18 dekabr 2017 21:51
1128

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

Dekabrın 18-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva qış imtahan sessiyası ərəfəsində 1-ci kurs tələbələri ilə görüş keçirib.

BSU-dan verilən məlumata görə, rektor Nurlana Əliyeva dövlətin təhsil siyasətindən, prezident İlham Əliyevin gənclərə qayğısından, tələbələr üçün hər cür şərait yaradılmasından, universitetlə bağlı nəzərdə tutulmuş mühüm layihələrdən söz açıb, tələbələrə müraciət edərək Azərbaycan dövlətçiliyinin keşiyində durmağı, öz elmi potensialları ilə respublikamızın adını ucaltmağı tövsiyə edib.  

Rektor gənclərin milli-mənəvi dəyərlərə  ehtiramla yanaşmanın önəmini qeyd edərək gəncləri ölkənin adını və nüfuzunu aşağı salmağa çalışan bədxahların təbliğatına uymamağa çağırıb. O, Azərbaycan gənclərinin ana dilini, ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənməsini tövsiyə edib.

Universitet daxilində nizam-intizam qaydalarına əməl etməyin hər bir tələbənin qarşısında duran əsas vəzifələrdən biri olduğunu deyən Nurlana Əliyeva qarşıdan gələn qış imtahan sessiyası barədə tələbələrə məlumat verib. Rektor bildirib ki, Bakı Slavyan Universitetində perspektivə yiyələnməyin əsas və yeganə meyarı bilikdir. İmtahanlar zamanı universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apellyasiya komissiyasının işindən danışan rektor qeyd edib ki, imtahanlarda obyektivlik və şəffaflıq tam qorunur, münaqişəli məsələlər yerindəcə həll edilir.

İmtahanlardan yüksək qiymətlərlə, kəsirsiz çıxmaları üçün tələbələrin öhdəsinə düşən yeganə işin dərslərə yüksək səviyyədə hazırlaşmaqdan ibarət olduğunu deyən rektor onlara sessiya imtahanlarında uğurlar arzulayıb.