21 noyabr 2017 21:40
1207

“Mənim universitetim – mənim dünyam”

“Mənim universitetim – mənim dünyam” adlı foto-müsabiqənin qalibləri müəyyənləşib

Naxçıvan Dövlət Universitetinin (NDU) 50 illik yubileyinə həsr olunan “Mənim universitetim – mənim dünyam” adlı foto-müsabiqəyə yekun vurulub.

NDU-nun mətbuat şöbəsindən bildirilib ki, müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu, foto-müsabiqənin yekunlarına həsr edilmiş tədbirin isə əlamətdar günə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinə təsadüf etdiyini vurğulayıb. Bu cür tədbirlərin NDU-nun tanıdılması, ümumilikdə, muxtar respublikada təhsil üçün yaradılan müasir şəraitin foto-nümayişi baxımından əhəmiyyətini qeyd edən rektor tələbələri növbəti müsabiqələrdə daha fəal olmağa çağırıb.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və universitet həyatını, tələbə dünyasını əks etdirən fotolar NDU-nun instaqram səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 150-dən çox foto buraxılıb. Qaliblər universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən, xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Rövşən Rüstəmov müsabiqənin qalibi olub. Universitetin müalicə işi üzrə IV kurs tələbəsi Amil Qasımov ikinci, kimya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Gülnar İmranova üçüncü yeri tutub. İki tələbə isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplomu və pul mükafatı ilə təltif olunublar.