25 sentyabr 2017 19:18
1219

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə rektorluğun iclası keçirilib.

BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 16-dan 23-dək Çerniqov şəhərində ezamiyyətdə olmuş Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasovun hesabatları dinlənilib.

R. Novruzov səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və ÇMTU  (Çerniqov Milli Texnologiya Universiteti) nəzdində Azərbaycan dili Bazar Günü Məktəbinin açıldığını bildirib. O həmçinin Bakı Slavyan Universiteti (BSU)  ilə Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) arasında əməkdaşlıq haqqında müqavilə, BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalandığını bildirib.

R. Novruzov Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru N. Əliyevaya elmi və ictimai fəaliyyətinə görə Fəxri professor adının verildiyini bildirərək diplom və medalı ona təqdim edib.

O, BSU rektorunun Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görüldüyünü də bildirib. R. Novruzov mükafatın oktyabrın 6 və 7 tarixlərində Fransanın Kann şəhərində keçiriləcək  İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq  Festivalında təqdim ediləcəyini diqqətə çatdırıb. Prorektor həmçinin Bakı Slavyan Universitetinin də “Ən yaxşı təhsil müəssisəsi” (“Best Educational İnstition Award”) Beynəlxalq mükafatına layiq görüldüyünü bildirib. 

N. Əliyeva bu mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu vurğulayıb, UNESCO-nun Fəxri diplomuna layiq görülməsinin ardınca BSU-nu bu mükafatları almasına görə professor - müəllim heyətindən tutmuş  texniki işçilərə qədər hamıya  minnətdarlığını bildirib.