14 sentyabr 2017 21:48
371

Ağcabədinin Hacılar kəndində məktəb binası istifadəyə verilib

Ağcabədi rayonunun Hacılar kəndində əsaslı təmir olunan 200 şagird yerlik məktəb binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Vəli Albəndov və başqaları tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

Bildirilib ki, məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Divarlara armatur tor toxunaraq suvanıb, rənglənib. Binada elektrik xətti çəkilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbin həyətində sanitar qovşaq və qazanxana tikilib, yerə tamet döşənib, abadlıq işləri aparılıb, yaşıllıq salınıb. Təhsil ocağı müasir inventar və avadanlıqlarla təmin olunub.

Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.