14 sentyabr 2017 20:46
779

Bu il AMEA-nın magistraturasına 67 nəfər qəbul olunub

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bilik gününə həsr olunmuş toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edib. Elm və təhsilin inteqrasiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran AMEA-nın rəhbəri biliklər cəmiyyətində ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının ölkədə təhsilin və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov məlumat verib. 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olduğunu deyən Ə.Sadıqov bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavrın iştirak etdiyini diqqətə çatdırıb.