17 iyul 2017 19:38
2574

Yusif Babanlının professor elmi adı təsdiqlənib

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənib. Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynov, Rəyasət Heyətinin üzvlərindən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin komitə sədri Nizami Cəfərov və AAK-ın başqa məsul simaları Yusif Babanlını ölkədə ilk gənc kimi professor elmi adı almağı münasibətilə təbrik ediblər. Gənc professorun dövlətin təhsil, idman, mədəni və ictimai-siyasi həyatında uğurlu rolunu, elmi-pedaqoji sahədə nailiyyətlərini müsbət qiymətləndirərək ona uğurlar arzulayıblar.

Qeyd edək ki, gənc professor Yusif Babanlı 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda ziyalı ailəsində anadan olub. 1999-2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil alıb, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) bakalavr, 2005-2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb.

Öz fəallığı ilə seçilən Yusif Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-ci ildən Boks Federasiyasının üzvü kimi yaxından fəaliyyət göstərməklə yanaşı, boks idman növü üzrə idman ustası adını alıb. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir. Həmçinin, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi adını alıb. 7 tələbəsi Avropa və dünya çempionu olub.

2005-2008-ci illərdə ADBTİA-nın Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olub. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvlükdən başlayıb. YAP Gənclər Birliyi Şurasının üzvü və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədridir. Həmçinin, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. Y.Babanlı prezident və parlament seçkilərində YAP tərəfindən respublika üzrə müşahidəçi olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasında baş müəllim, dosent və professor vəzifəsində çalışıb. Doktoranturada təhsilini 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda almış və “İbtidai siniflərdə fiziki tərbiyənin texnologiyaları” adlı dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə edib və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2010-2016-ci illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində çalışıb, hazırda rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədridir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.

Dövlət təşkilatları tərəfindən bir çox fəxri fərman, diplom və medallarla təltif edilib. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-in İcraiyyə Komitəsinin medalı ilə, Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqının 110 illik yubileyində ittifaqda xidmətlərinə görə medalla və Respublika Veteranlar Təşkilatı tərəfindən Cəmşid Naxçıvanski adına medalla təltif olunub.

80 elmi məqalənin, 9 metodik vəsait, 6 dərs vəsaiti, 7 monoqrafiya müəllifi olan gənc professor respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda iştirak edib və dövrü mətbuatda 100-ə yaxın məqaləsi dərc edilib.

Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. Ailəlidir.