21 iyul 2017 23:44
339

Bir qrup məktəbli ilə görüş

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna nümayəndə seçilmiş bir qrup məktəbli ilə görüş olub

İyulun 21-də Təhsil Nazirliyində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna nümayəndə seçilmiş bir qrup məktəbli ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva forumun uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə keçirildiyi barədə məlumat verib.

Təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsini yüksək qiymətləndirib, bu tədbirin uşaqların ictimai fəallığının artırılmasında, müxtəlif layihələrdə iştirakının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Sonra uşaqların fikir və təklifləri dinlənilib.

Bu ilin noyabr ayında keçiriləcək foruma ölkəmizin şəhər və rayonlarından bir qrup uşaq nümayəndə seçilib. Seçilmiş həmin uşaqların fəallığını təmin etmək, forumda müzakirəyə çıxarılacaq mövzu üzrə onların biliklərini təkmilləşdirmək üçün uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin təşkil olunması nəzərdə tutulur.