18 oktyabr 2017 22:52
544

Türkiyəli professorun UNEC-də ustad dərsi: Yeni texnologiyaların iqtisadiyyata təsiri

Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Mehmet Albayrak Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, türkiyəli professor “SABAH” qrupunda “Yeni texnologiyaların iqtisadiyyata təsiri” mövzusunda ustad dərsi keçib. O, bəşəriyyət qloballaşdıqca, elmi nailiyyətlər artdıqca dünya iqtisadiyyatının tələblərinin də dəyişdiyini bildirib. Professor qeyd edib ki, ötən əsrdə dünya iqtisadiyyatı neft, qaz, qızıl üzərində qurulurdu, bu gün isə iqtisadiyyat daha çox İKT üzərində formalaşıb.

İqtisadi inkişafda texnologiyaların rolundan bəhs edən M.Albayrak dünyanın əksər ölkələrində informasiya texnologiyaları və sistemləri iqtisadiyyatının idarəetmə, maliyyə və bank işlərində istifadə olunduğunu bildirib. O, İKT-nin tətbiqinin yeni iqtisadiyyatın yaranmasına, onun qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, bu sahənin inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olduğunu qeyd edib. Professor bugünkü iqtisadiyyatın məhz İKT-nin təsiri və tətbiqi nəticəsində öz sələflərindən ən yaxşı xüsusiyyətləri götürərək yeni, informasiya əsaslı bazada inkişaf etdiyini vurğulayıb.

Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.