15 dekabr 2017 22:22
823

UNICEF: Yeni Dövlət Proqramı hər bir uşağın öyrənmə imkanı ilə təmin edilməsi istiqamətində mühüm addımdır

BMT-nin Uşaq Fondu (UNICEF) Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsini alqışlayır. Bu barədə AZƏRTAC-a UNICEF-in Azərbaycan nümayəndəliyindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, Dövlət Proqramı ölkədəki hər bir uşağın təhsil və öyrənmə imkanı ilə təmin edilməsi istiqamətində mühüm addımdır. “Azərbaycan regionda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olub. Yeni Dövlət Proqramının imzalanması əlilliyi olan uşaqların hüquqlarının təmin edilməsi istiqamətində ölkənin qətiyyətini nümayiş etdirir. Mən ümid edirəm ki, Dövlət Proqramının işə salınması inklüziv təhsilə daha çox sərmayənin qoyulması və əlilliyi olan uşaqların gündəlik həyatın bütün aspektlərinə tam sosial inklüziyasını təşviq edən fəaliyyət ilə dəstəklənəcək”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib.

Rəsmi statistikaya əsasən, 2016-cı ildə Azərbaycanda əlilliyi olan şəxs kimi qeydiyyata alınmış uşaqların sayı təqribən 67 min olub, lakin onlardan təqribən 12 min 400 uşaq ya evdə, ya da xüsusi müəssisələrdə təhsil alır.

“Əgər biz diqqətimizi yalnız uşağın əlillik halına yox, həm də onun bacarıq və potensialına cəmləsək, o zaman uşağa yaşadığı cəmiyyətə həm bu gün, həm də gələcək üçün mənalı və dəyərli töhfə verməkdə kömək etmiş olarıq”, - deyə Karvardin əlavə edib.