25 sentyabr 2018 21:16
2150

Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 25-də Milli Məclisin səhiyyə komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 11 məsələ müzakirə edilib.

Hesabat dövründə komitənin ünvanına daxil olan 205 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi kömək göstərilib.

Sonra Əhliman Əmiraslanov payız sessiyası ərzində görüləcək işlərdən danışıb.

Komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

Komitə sədri deyib ki, hazırda Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur. Ölkəmizdəki texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək. “Bəzən insanlar arasında düzgün təbliğat getmir. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Hazırda tibb müəssisələri bütün müasir texnologiyalarla təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”, - deyə komitə sədri qeyd edib.

Əhliman Əmiraslanov söyləyib ki, bu gün vərəm dünyanı ən çox narahat edən problemdir və böyük insan tələfatına səbəb olur. Bu məsələyə xüsusi diqqət yetiririk və gələcəkdə də yetirəcəyik.

Komitə sədri bildirib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir. O qeyd edib ki, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmə keçirməyi planlaşdırırıq.