14 dekabr 2018 20:14
4838

Naxçıvanda qan donorlarının sayı iki dəfədən çox artıb

Son dövrlərdə muxtar respublikada qan donorlarının sayı iki dəfədən çox artıb, qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina olunmasına imkan yaradıb.

Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə bir il müddətində saxlamağa imkan verir. Burada əlverişli şərait yaradılıb, yeni avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə Qan Bankında müxtəlif xəstəliklərin müalicəsi üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi həyata keçirilir.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan Bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Hazırda müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar zamanı qan itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, mədə-bağırsaq, qaraciyər və digər daxili orqanların müxtəlif xəstəliklərində, onkoloji xəstələrin müalicəsində Qan Bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə edilir.