18 oktyabr 2017 23:59
879

Respublika Perinatal Mərkəzində ginekoloqlar sağlam hamiləliyə nail olmağın yollarını müzakirə ediblər

Oktyabrın 18-də Respublika Perinatal Mərkəzində “Sağlam hamiləlik naminə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, belə konfransların təşkili beynəlxalq təcrübələrin öyrənilməsi məqsədi daşıyır.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, “Ginekologiya və perinatologiyanın inkişafına dəstək” İctimai Birliyinin sədri Cəmilə Qurbanova konfransda hamiləlik və doğum zamanı ağırlaşmaların, itkilərin qarşısının alınması üçün profilaktik tədbirlərin öyrənilməsi sahəsində aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib.

Rusiyanın Xalqlar Dostluğu Universitetinin mama-ginekologiya kafedrasının professoru Olqa Pustotina “Hamiləlik zamanı ağırlaşmaların profilaktikası: preqravidar mərhələdən doğuşa qədər”, Fransanın Kolmar şəhərindən gələn əczaçı Nikolas Madit “Təhlükəsiz hamiləlik: dərman vasitələrinin istehsalında innovativ texnologiyalar” mövzusunda məruzələr ediblər.

Sonra konfrans iştirakçılarını maraqlandıran suallara cavablar verilib.