13 iyul 2018 22:46
1659

Ölkəmizin Brüsseldə möhtəşəm geosiyasi uğuru

NATO və Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş elan edərək ölkəmizin ərazi bütövlüyünə dəstək verdilər

Prezident İlham Əliyevin iyulun 11-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının, eyni zamanda, NATO-nun rəhbərləri ilə işgüzar görüşlərini Azərbaycan dövlətinin yeni geosiyasi uğuru da adlandırmaq olar. Ona görə ki, ölkəmizin başçısının keçirdiyi bu görüşlərdə və imzalanan yeni tərəfdaşlıq sənədlərində həmin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da dərinləşməsi bir vəzifə kimi irəli sürülüb.

Təbii ki, son 15 ildə Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət yalnız balanslaşdırılmış olmaqla ölkəmizin və xalqımızın milli mənafeyinə xidmət edib. Həmçinin bu siyasi kurs Azərbaycanı qlobal məkanda strateji əhəmiyyətli dövlətə çevrilib. Burada ən diqqət çəkən məqam isə Azərbaycan  və Avropa İtittfaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasıdır.  Məhz bu  reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbərliyi ilə keçirdiyi görüşlər və imzalanan yeni tərəfdaşlıq sənədi əlaqələrin daha da dərinləşməsinə xidmət etmiş oldu.

Ölkəmizin rəhbərinin Aİ Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı.

 Görüşlərdə  ümumi qənaət belə oldu ki, Aİ rəhbərliyi birmənalı olaraq Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu etiraf etdi. Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olundu. Sonra isə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq sənəd paraflandı.

Sənədin birinci bəndində hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Eyni zamanda göstərilir ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.

Azərbaycan Prezidentinin Brüsselə səfəri və yeni sənədin paraflanması ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə qeyd edilir ki, tərəfdaşlıq prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.

Milli Məclisin deputatı Aydın Hüseynov səfərlə bağlı «İki sahil»ə açıqlamasında Brüsseldə imzalanmış bu səndlərin həm iqtisadi, həm də siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən xüsusi vurğulanır. Eyni zamanda, «Cənub Qaz Dəhlizi» layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu qeyd edilir. Sənəddə həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı təqdir edilməklə gələcəkdə Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla ölkəmizə qoyulan xarici sərmayələrin artırılması təklif olunur.

A. Hüseynov vurğulayıb ki, bu sənədə rəğmən demək olar ki,  Azərbaycanın strateji enerji tərəfdaşı rolu daha yüksələcək, coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişlənəcək, ticarət və logistikanı inkişaf etdirmək imkanları artacaq. Həmçinin tərəfdaşlıq prioritetləri ölkələr və insanlararası əlaqələri, mədəniyyətlərarası dialoqu, humanitar, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı dərinləşdirəcəkdir.

 Aydın Hüseynov burada önəmli bir məsələyə də diqqət yönəltdib.  Bildirib ki, «Tərəfdaşlıq prioritetləri» paraflandıqdan sonra Avropa İttifaqının rəsmiləri «Twitter» hesablarında Prezident İlham Əliyevin Donald Tuskla görüşü və yeni sənəd barədə məlumatlar yayıblar. Donald Tuskun «Twitter»ində vurğulanıb ki, Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi. Eyni zamanda, Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun «Twitter»ində qeyd edilib: «Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Avropa İttifaqı və Azərbaycan tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib».

Deputatın qənaətincə, ölkəmizlə Avropa İttifaqı arasında paraflanmış «Tərəfdaşlıq prioritetləri» sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Ən önəmlisi isə odur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsinin Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edilməsi çox önəmli hadisədir.

Azərbaycan Prezidentinin Brüssel səfərinin digər önəmli hissəsi isə NATO-nun Zirvə toplantısı çərçivəsində Şimali Atlantika Şurasının «Qətiyyətli Dəstək» üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirakıdır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iclasda bu beynəlxalq hərbi koalisiyanın Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir. Xüsusilə NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib: «Belə ki, NATO üzv dövlətləri Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. Bu isə işğalçı Ermənistana beynəlxalq səviyyədə vurulan tərs sillə olmaqla bərabər,  Azərbaycanın yeni geosiyasi qələbəsidir.r»

Hadi Rəcəbli qeyd edib ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər. Təbii ki Azərbaycan dövləti də regionun həm hərbi, həm də iqtisadi-siyasi baxımdan ən güclü ölkəsi olaraq NATO-ya bir çox hərbi siyasi dəstəyini verib: «İclasda cənab Prezidentin də söylədiyi kimi, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından «Azərbaycan Qətiyyətli Dəstək» missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb ki, bu, digər ölkələrə nisbətən böyük göstəricidir.»

Elçin Zaman,

«İki sahil»