16 iyul 2018 19:03
1216

USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifəsinin icrasına başlayıb

Caydev “Cey” Sinqx (Jaidev “Jay” Singh) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsini icra etməyə başlayıb.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, C.Sinqx Azərbaycanın qarşıya qoyduğu prioritetlərə dəstək göstərən proqramlara rəhbərlik edəcək: "Cənab Sinqx gələcək illərdə USAID-in Azərbaycanla əməkdaşlığına dair müsbət və iddialı baxışa malikdir".

“Bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirəm. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək olacaq”, - Dr. Sinqx qeyd edib.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, xarici diplomatik xidmət əməkdaşı olan Sinqx təşkilatın Vaşinqtondakı baş ofisində və digər ölkələrdəki missiyalarda aparıcı vəzifələrdə çalışaraq inkişaf və humanitar məqsədlərə nail olmaq üçün ikitərəfli və çoxtərəfli inkişaf tərəfdaşları ilə strateji mühüm olan əlaqələrə rəhbərlik edib. O, Mali, Bosniya və Hersoqovina, Yaponiya, Cənubi Sudan, Cibuti, Kenya və Əfqanıstanda müxtəlif vəzifələrdə işləyib.

Cənab Sinqx həyat yoldaşı Kristin Sinqxlə birgə gəlib – o, Bakıdakı ABŞ səfirliyində çalışacaq. Onların iki övladı var – onlardan biri Moldovada Sülh Korpusunun könüllüsüdür, kiçik oğul isə ABŞ-da məktəbdə oxuyur. O, Vaşinqton Universitetində (Sietl şəhəri) doktor dərəcəsinə yiyələnib, habelə biznes idarəçiliyi və beynəlxalq diplomatiya üzrə magistr dərəcəsinə malikdir.