16 iyul 2018 21:26
2099

Deputat: Gəncədə baş verənlər radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu

«İqtidarla xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. Bu sabitliyi pozmağa cəhdlər indiyə kimi də olub, bunu planlayanlar həmişə uğursuzluğa düçar olublar. Çünki xalq heç zaman pozucu, xəyanətkar qüvvələrin arxasınca getməyib və getməyəcək. İyulun 10-da Gəncədə baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib: «Gəncədə baş verənlər bir daha təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici qüvvələrin maraq dairəsindədir. Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa sığmayan qanlı cinayətdir, terrordur. Azərbaycanın uğurlarını və inkişafını həzm edə bilməyən xarici qüvvələr fürsət düşdükcə öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar.  Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qaragüruhçu qüvvələr növbəti dəfə məkrli niyyətlərini göstərdilər. Belə təxribatlar xalqımızı qorxuda bilməz. Əksinə, xalqımız daha güclü siyasi iradə nümayiş etdirərək bir daha sübut etdi ki, dövlətin və dövlətçiliyin keşiyindədir.»

C.Osmanov vurğulayıb ki, xalqını, Vətənini sevməyən radikal dini yönümlü bir qrup şəxs Gəncədə asayişi kobud şəkildə pozmağa cəhd edib: «Lakin Azərbaycan polisinin ayıq-sayıqlığı nəticəsində onların planları baş tutmadı. Təəssüf ki, bu təxribatçı əməllərin qarşısının alınması zamanı iki yüksək rütbəli polis zabitimiz şəhid olub. Bu hadisələr bir daha göstərdi ki, heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz, xalqımız daim Prezidentimizin, dövlətimizin və dövlətçiliyimizin yanındadır. Polisimiz də bir daha ayıq-sayıqlığı ilə nümayiş etdirdi ki, ölkəmizdəki əmin-amanlığı pozmağa çalışan qüvvələrin qarşısı qətiyyətlə alınacaq.» 

Milli Məclisin deputatı  son vaxtlar antiazərbaycan qüvvələrin muzdlu nökərlərinin sosial şəbəkələrdəki «fəaliyyətlərinə» də münasibətini bildirib: «Sosial şəbəkələrdə Azərbaycanda mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsi dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı qəsd kimi qiymətləndirilməlidir. Din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə insanları iğtişaşlara təhrik etməsi dövlətə qarşı terrordur və islami dəyərlərimizə tamamilə ziddir. Və bu, Vətənə, doğma xalqına qarşı törədilən ən ağır cinayətdir.»

Orxan Vahidoğlu,

«İki sahil»