25 sentyabr 2018 21:10
1922

Məcburi köçkünlərlə növbəti görüş keçirilib

Sentyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib. Əvvəlcədən qəbula yazılmış vətəndaşlara Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri ilə görüşmək, onlara öz müraciətlərini çatdırmaq imkanı yaradılıb.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məcburi köçkünlərin müraciətləri, əsasən mənzil məsələsi ilə bağlı olub. Onlar öz problemləri barədə məlumat vermək, arzu və istəklərini ifadə etməklə yanaşı, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildirib, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdikləri çətinliklərin tezliklə aradan qaldırılacağına inandıqlarını deyiblər.

Müharibənin nəticələrindən əziyyət çəkən vətəndaşlara bir daha izah edilib ki, onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir. Digərlərinin yeni mənzillərlə təmin edilməsi məsələsi isə mərhələli şəkildə həll olunmaqdadır.

Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcək.