15 oktyabr 2018 23:30
1516

Rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir

“Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. Ölkə başçısının Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi bu fikirləri kimə ünvanlanmış mesajdır?

Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin iclasında yenidən cənab Prezident işğalçı ölkəyə önəmli mesajını ötürmüş oldu: “Dövlətimizin başçısı qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və olmayacaq da. Cənab Prezident münaqişənin tənzimlənməsi ilə bağlı mövcud formata diqqət ayırdı. Qeyd etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılmalıdır. Bu da təsadüfi deyil, çünki Ermənistanın yeni rəhbərliyi israrlı idi ki, danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də tərəf kimi çıxış etsin. Bu yolverilməzdir. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, hüquqi və tarixi torpaqlarıdır. İddia Ermənistanındır və bu ölkə hələ də işğalçılıq siyasətini həyata keçirir. Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqeyini ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, Dağlıq Qarabağ məsələsində üçüncü  tərəfin olmasını istəmirik. Paşinyan BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı da beynəlxalq ictimaiyyəti aldadaraq söylədi ki, əgər Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı ərazi iddiası varsa, o zaman oradakı rejimlə danışıqlara getməlidir. Əlbəttə, bu çox məntiqsiz yanaşmadır. Axı, hansı ərazi iddiasından söhbət gedir? Dağlıq Qarabağ və ətraf rayonlar bütünlüklə Azərbaycanın tarixi və hüquqi torpaqlarıdır. Əksinə bu ərazilərə tarix boyu iddia edən Ermənistan tərəfi olub. Ermənilər həmin əraziləri işğal edərək orada separatçı rejim yaradıb. Bunlara diqqət çəkən dövlət başçısı qəti şəkildə bəyan etdi ki, hansısa format dəyişikliyindən söhbət gedə bilməz. Çünki rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir. Ərazi bütövlüyü məsələsi heç vaxt danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq. İndi Ermənistandan gözlənilən konstruktiv danışıqları bərpa etməkdir”.

Politoloq Fikrət Sadıqov isə açıqlamasında bildirdi ki, cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər ünvanlı mesaj idi: “Əlbəttə, dövlət başçısı birinci dəfə deyil ki, münaqişənin həlli ilə bağlı fikirlər səsləndirir. Bu, bir reallıqdır və bu beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqedir. Dövlət başçısının çıxışı ilk növbədə işğalçı dövlətə ünvanlanıb. Amma eyni zamanda bu, Dağlıq Qarabağ separatçılarına da aiddir. Minsk qrupunun həmsədrləri də bunu eşitməlidirlər. Bundan bir nəticə çıxarmalıdır. Əks halda Azərbaycan gücü, qüdrəti sayəsində öz sözünü demək məcburiyyətində olacaq. Göründüyü kimi, bu gün Ermənistanda iqtisadi və sosial vəziyyət çox ağırdır. Ölkə demək olar ki, çıxılmaz hala düşüb. Məhz bu olanlardan nəticə çıxararaq Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Əks təqdirdə onlar üçün heç də asan olmayacaq”.

Mənsumə Babayeva, “İki sahil”