22 oktyabr 2018 14:25
372

Dostluğun və qardaşlığın “Star” nümunəsi

6,3 milyard dollarlıq layihə olan “Star” neft emalı zavodu Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək

Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında nümunə olaraq təqdim edilir. İki qardaş ölkənin bir-birini bütün siyasi və geosiyasi məsələlərdə dəstəkləməsi, ortaya qəti və prinsipial mövqe qoyması Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından xəbər verir. Azərbaycan-Türkiyə münasibətlərini möhkəmləndirən daha bir amil isə qarşılıqlı iqtisadi əlaqələrin getdikcə dərinləşməsidir. Məhz ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr, xüsusən də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin çox uğurla inkişaf etdiyinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanın getdikcə artan maliyyə imkanları ölkəmizə indi xaricdə də çox mühüm layihələr həyata keçirmək, ən müxtəlif sahələrə böyük həcmdə sərmayələr yatırmaq imkanı verib. Təsadüfi deyildir ki, Azərbaycan qardaş Türkiyə Respublikasında sərmayə qoyuluşuna görə ilk üçlüyə daxildir. Əlbəttə ki, Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Bu mənada 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları SOCAR-ın payına düşəcək.

Təbii olaraq bütün bunlar ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə əlavə töhfələr verir. Bununla yanaşı, aydın görünür ki, Türkiyə və Azərbaycan özlərinin iqtisadi, enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir. Xüsusilə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində rəsmi açılışı olmuş “Star” neft emalı zavodu da bu strateji tərəfdaşlıq münasibətlərinə yeni töhfədir. Bu zavod ölkəmizin Türkiyədə, ümumiyyətlə, xaricdə ən böyük investisiya layihəsidir. Həmin investisiyanın Türkiyəyə yatırılması isə tamamilə təbii xarakter daşıyır. Soykökü bir olan Azərbaycanla Türkiyə arasında digər sahələrlə yanaşı, iqtisadi müstəvidə də əməkdaşlığın möhkəmlənməsi dövrün zəruri tələbidir. Eyni zamanda, Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.

Məlumat üçün bildirək ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Onu da qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min tona (“Azeri Light” markalı neft) çatdırılıb. SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı razılaşmaya görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.

“Petkim”in xam maddəyə olan tələbatının, demək olar ki, hamısını təmin edəcək “Star” zavodu yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod gələn ilin yanvar ayından etibarən tam gücü ilə fəaliyyət göstərəcək.

“Star” Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Yuxarıda qeyd olunduğu kimi, “Star” zavodu 5 milyon tona yaxın dizel yanacağı istehsal etmək imkanına malikdir və beləliklə, Türkiyədə bu məhsulun idxalı 40 faizə düşəcək. Həmçinin mayeləşdirilmiş neft, qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Bütün bunlar Azərbaycanın qardaş Türkiyəyə böyük töhfəsi də hesab edilə bilər.

Bir sözlə, həm  bu cür layihələr - “Star” neft emalı zavodu, həm də digər layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə yüksək təminat verir, perspektiv dövr üçün iki qardaş ölkənin daha da güclənməsinə zəmin yaradır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Star” neft emalı zavodu ilə bağlı məsələyə toxunaraq bu barədə demişdir: “Biz “Star” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Yəni həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”.

Rəşad Bağırov, “İki sahil”