14 dekabr 2018 23:11
2249

Gənclərin fəallığının artırılması müasir dövrün əsas çağırışlarındandır

Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gənclər mərkəzlərinin açılışı da bu məqsədə xidmət edir

Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan  Azərbaycanın iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri təbii ki,   elmi, intellektual potensialıdır. Dövlətimizin  başçısı İlham Əliyev bugünkü uğurlarımızda  elmin rolunu xüsusi vurğulayaraq bildirir ki, tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual  şəkildə həllinə yönəlmişdir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə  elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Bir sözlə, mövcud şərait müasir gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön palana çıxarır. Bu, gəncliyin potensialından səmərəli istifadənin aktuallığının təsdiqidir.

Gənclərə diqqət və qayğı müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub. Azərbaycanın müstəqilliyini düşünən Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Gənclərimiz əbəs yerə Azərbaycanın gələcəyi kimi dəyərləndirilmir. Ölkəmiz müstəqillik qazandıqdan sonra, daha dəqiq desək,  1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Gənclər Gününün təsis edilməsi, ənənəvi olaraq Gənclər forumlarının təşkili onların öz potensial imkanlarını ortaya qoymalarına geniş yol açdı.  Son 15 ildə ulu öndər  Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Bu müddət ərzində imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na əsasən  gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ  edilməsi və s istiqamətində çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Gənclərə diqqət və qayğının göstəricisi kimi,   2007-ci ilin dövlətimizin  başçısı İlham Əliyevin Sərəncamı ilə  “Gənclər ili” elan edilməsini də qeyd edə bilərik.  Gənclərin təhsili, elmin sirlərinə dərindən yiyələnmələri dövlətin siyasətində əsas yer tutan istiqamətlərdən olduğundan bu yönümdə  bir sıra mühüm sənədlər qəbul olunmuşdur.  “Xüsusi  istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, həmçinin “Azərbaycan Respublikasında  texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” və s kimi sənədlər gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedada malik olan gənclərin üzə çıxarılmasına böyük imkanlar  yaratdı. “2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin  dünyanın nüfuzlu ali məktəblərində  təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Prezident  İlham Əliyevin yuxarıda qeyd etdiyimiz Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı  7 iyul 2011-ci il tarixli Sərəncamla təsdiqlənən  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın davamı kimi də dəyərləndirilir. Bu sənədlərdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ümumilikdə  gənclər siyasətinin daha da inkişaf etdirilməsinə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə geniş imkanlar açır.  Ölkə Prezidentinin Fərmanı əsasında  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda,  “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt və bölgələrdə  Gənclər mərkəzlərinin istifadəyə verilməsi və s. əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.”

İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

Gənclərin elmin sirlərinə dərindən yiyələnmələri, elmi araşdırmalara maraqlarının artırılmasına xidmət edən addımlar da davamlılığı ilə diqqət çəkir.  Azərbaycanın gənc alimlərinin birinci qurultayının keçirilməsi, bu günümüzün aktual cagırışlarına birgə yolların axtarılması, təcrübə mübadiləsi, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə çalışılması da gənclərə diqqət və qayğıdan qaynaqlanır. Bu baxımdan  Elmin İnkişafı Fondunun əhəmiyyətini də  xüsusi qeyd etməliyik.  Bildirilir ki,  gənclər, gənc alimlər də bu fondun  xətti ilə müxtəlif  proqramların icrasında  fəal iştirak edirlər.

Göründüyü kimi, Azərbaycan gəncliyinin inkişafı üçün dövlətimizin addımları davamlıdır.  Ölkə Prezidenti  hər çıxışında bu məqamı xüsusi qeyd edir ki,   hər bir ölkədə, o cümlədən Azərbaycanda  inkişaf elmin səviyyəsi ilə bağlıdır: “Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında  öz maraqlarını daha böyük dərəcədə  müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.”

Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə açılışında  iştirak etdiyi  paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzi də atılan davamlı addımlar sırasındandır. Qeyd olundu ki,  dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və  tövsiyələrinə uyğun olaraq inşa olunan Gənclər mərkəzləri gənclərin  intellektual və  yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində  məqsədyönlü layihə və proqramların ardıcıl xarakter aldığını göstərir.

Yeganə Əliyeva, “İki sahil”