13 aprel 2018 23:22
1671

Səsləndirilən qərəzli münasibət gözlənilən idi, təəccüblənmədik

Bu fikirləri siyasi şərhçi Arzu Nağıyev “İki sahil” qəzetinə müsahibəsində dedi. Ölkədə keçirilən prezident seçkilərini izləyən bəzi xarici müşahidəçilərin qərəzli fikirlərini şərh edən və seçki ilə bağlı bütün suallarımızı cavablandıran politoloq Azru Nağıyevin müsahibəsini təqdim edirik.

- Arzu müəllim ilk olaraq aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkiləri haqqında fikirlərinizi bilmək maraqlı olardı. Sizcə, bu mühüm məsuliyyətin öhdəsindən necə gəldik?

-Düşünürəm ki, Azərbaycan xalqı aprelin 11-də  Konstitusiyanın və Mərkəzi Seçki Komissiyasının bütün qayda-qanunlarına uyğun olaraq seçkilərdə iştirak etdi, səs verdi. Bu il ölkədəki seçki mühitini ötən illərlə müqayisə etsək əminliklə deyə bilərik ki, bu il Azərbaycan xalqında siyasi yetkinlik, siyasi iradə daha çoxdur. Yalnız Bakıda deyil, regionlarda, təmas xəttində və digər rayonlarda keçirilən seçkilər onu göstərdi ki, Azərbaycan xalqı öz gələcəyinə səs verir və bunun nə qədər önəmli olduğunu başa düşür. Azərbaycan vətəndaşı öz gələcək rifahına, ölkəmizin müstəqilliyinə, suverenliyinə, ümumilikdə Azərbaycana qarşı təhdidin qarşısının alınmasına səs verdi. Bütün bu prosesləri izləyəndə də görürük ki, doğrudan da seçki prosesi müsbət bir hal kimi dəyərləndirilməlidir. Azərbaycan cəmiyyətinin yaşlı və gənc nəsli bu prosesdə yüksək səviyyədə iştirak etdi.  Fikir verdinizsə 90 yaşında bir seçici jurnalistərin “Kimə səs verdiniz?” sualına cavab olaraq dedi ki,  mən cənab İlham Əliyevə səs verməklə keçmişimə, bu günümə və gələcəyimə səs verdim. Düşünrəm ki, ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilər bir daha sübut etdi ki, Azərbaycanda düzgün siyasi mühit formalaşıb. Heç bir siyasi bloka qoşulmayan, iki tərəfli münasibətlərin dostluq və qardaşlıq çərçivəsində aparan, öz balanslı siyasətini yürüdən bu dövlət Prezident seçkiləri kimi önəmli bir prosesi də düzgün, şəffaf, demokratik şəkildə başa vurdu.

- Belə bir siyasi tarixi hadisəni yaşayan Azərbaycan dünyaya, beynəlxalq aləmə nələri çatdırdı?

- Demokratiya məsələsinə hərə öz bucağından baxır. Elə ölkələr var ki, əgər orada vətəndaş öz seçki hüququndan istifadə etmirsə, o, məsuliyyətə cəlb olunur. Elə ölkələr də var ki, orada ən əsas məqam məhz vətəndaşın səsidir. Baxın, ABŞ  da hətta “Greencart” (ABŞ-da yaşamaq üçün verilən vəsiqə) alan mühacirlər üçün bir məsələni qadağa qoyurlar: seçmək və seçilmək hüququ. Yəni seçmək, səs vermək vətəndaş üçün o qədər qiymətli bir hüquqdur ki, bu hüquqdan istifadə etmək hər insana nəsib olmur. Bu gün  vətəndaşın səs verməsi ən yüksək status sayılırsa və Azərbaycan vətəndaşı o hüquqdan istifadə edirsə, bu, çox mühüm amildir. Seçkiləri izləyən xarici müşahidəçilərin özləri də qeyd etdilər ki, Azərbyacan bir sıra məsələlərdə, o cümlədən seçki prosesində də bir çox dövlətlərə nümunə ola bilər. Çünki biz son vaxtlar həm dünyada, həm də regionda keçirilən seçki proseslərini izlədik. Bu seçkilərdə hansı vətəndaşın necə, hansı şəraitdə səs verməsinin, seçki zamanı hansı ölkədə qarşıdurmaların yaşandığının da şahidi olduq. Ona görə də Azərbaycanda keçirilən seçkilərin şəffaf, demokratik keçirilməsində  hüquq-mühafizə orqanlarının və Mərkəzi Seçki Komisiyasının, bütün müşahidəçilərin, ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşının zəhmətini qeyd etmək yerinə düşər. Düşünürəm ki, bu insanlar öz işlərini lazımı prinsiplər əsasında qurduqlarına görə nəticə bu qədər müsbət oldu və dünya da Azərbaycan təcrübəsini izləmək şansı qazandı.

- Arzu müəllim, ölkəmizə gələn xarici müşahidəçilərin fikirlərinə də şərh vermənizi istərdik. Dünəndən ən çox müzakirə olunan məsələ ATƏT-i təmsil edən nümayəndələrin seçki ilə bağlı qərəzli münasibətdir.

- Mən özüm də informasiya agentliyinin təmsilçisi olduğum üçün xarici müşahidəçilərin fikirlərini, şərhlərini yaxından izlədim. İlk olaraq onu vurğulayaq ki, xarici müşahidəçilərin mühüm əksəriyyəti Azərbaycan xalqının demokratik, şəffaf, azad şəkildə səs verdiklərini vurğuladılar. ATƏT-i təmsil edən müşahidəçilərin rəylərinə gəldikdə isə əminiklə deyə bilərəm ki, səsləndirilən fikirlər ikili münasibətdən irəli gələn fikirlər idi. Fikir versəniz görərsiniz ki, həmin nümayədələr seçki prosesindəki texniki, təşkilatı məsələlər haqqında deyil, insanların guya pozulan hüquqlarından danışdılar. Bu da qərəzli münasibət idi. Bütün dünyada elə bir seçki prosesi ola bilməz ki, orada heç olmasa müəyyən qədər hansısa məsələ, kiçik problem yaranmasın. Azərbaycanda istər seçkilərin təbliğat-təşviqat marafonunda, istərsə də seçki vaxtı elə bir böyük problem yaranmadı ki, müşahidəçilər ona münasibət göstərsinlər. Səslənən fikirlər tamamilə ikili münasibətdən irəli gələn fikirlər idi. Bilirsiniz ki, həmin nümayəndələrin tərkibində qərəzli möqvedə duran ölkələrin nümayəndələri var. Bu cür yanaşmalar olub və olacaq. Buna çox da fikir vermək lazım deyil. Əgər Azərbaycanın 5 milyon 300 mindən artıq seçicisi bu problemləri yaşamayıbsa, deməli heç bir problemdən söhbət gedə bilməz.

- Arzu müəllim, maraqlı bir məqam da diqqətimi çəkdi. Həmin nümayəndələr seçki günü subyektiv şəkildə, fərdi fikirlərini bizimlə, müxtəlif yerli media nümayəndələri ilə bölüşərkən ölkədə keçirilən seçki prosesinin şəffaflığından, demokratikliyindən danışdılar. Amma bir araya gələndə, qrup şəkilində tamam başqa qərar verildi.

- Bu, həmişə belə olub. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara fikir verin. ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa, ABŞ, Rusiyanı təmsil edənlərdir. İkili münasibətlərdə hər bir adı çəkilən dövlət Azərbaycanın ərazi bütövlüyünü BMT səviyyəsində tanıyan dövlətlərdir. Lakin ümumi məsələdə kimin işğalçı, kimin işğala məruz qalan dövlət olduğunu tanımaq istəmirlər. Yəni qurum şəkilində olanda hiss olunur ki, hardan maliyyələşdirildikləri, eyni zamanda məram və məqsədlərinin nədən ibarət olduqları ağıllarına gəlir. Düz buyurdunuz ki, seçki məntəqələrində olan xarici müşahidəçilərin hamısı böyük bir dövləti təmsil edir. İstər yaxın qonşularımız olan dövlətlər, istər MDB məkanının dövlətləri, istərsə də ABŞ-ın nümayəndələri Azərbaycanda keçirilən seçkini yüksək dəyərləndirdilər. Lakin bir yerə yığışanda tamam başqa fikrilər səsləndirildi. Bu da onların qərəzli mövqeyindən doğur. Eyni zamanda elə dövlətlər var ki, Azərbaycanın bir kiçik dövlət olaraq həm iqtsiadi, həm siyasi, həm də hərbi cəhətdən öz müstəqil siyasətini yürütməsi, bloklara qoşulmaması onları ciddi şəkildə narahat edir. Bunlar gözlənilən idi.

- Arzu müəllim, digər ölkələrin dövlət başçıları cənab İlham Əliyevə təbriklərini çatdırırlar. Məktubların ümumi məzmununda qeyd olunur ki, cənab İlham Əliyevin Prezident seçilməsi xalqın ona etimadının göstəricisidir. Deyə bilərikmi ki, Azərbaycan xalqının seçimi, ölkəmizlə dostluq, əməkdaşlıq edən ölkələrin də ürəyindən oldu?

- Təbii ki. Azərbaycan xalqı qarşıdakı 7 ili cənab İlham Əliyevlə birgə addımlamağı seçdi. İstərdim, ölkə başçısının xalqın qarşısında etdiklərini bir neçə hissəyə bölüm. Xalq nəyə görə məhz İlham Əliyevə səs verdi?!

Birinci- Azərbaycan vətəndaşının rifahı. Həqiqətən də Azərbaycan vətəndaşının həm sosial, həm iqtisadi, həm də digər tərəflər baxımından öz rifahı durur. Xalq bunun hər fürsətdə öz həyatında hiss edir.

İkinci- Azərbaycanın müstəqilliyi. Cənab İlham Əliyevin qarşıdakı əsas məqsədi qulluq edir: ölkənin müstəqilliyinin qorunması, daha da inkişaf etdirilməsi, çiçəklənməsidir.

Üçüncü- neft strategiyası. Cənab İlham Əliyev neft strategiyasından isifadə edərək qeyri-neft sektorunun inkişafında lider kimi mühüm rol oynadı. Baxmayaraq ki, Avropa və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasnda Azərbaycan mühüm rol oynayır, amma bu gün də qeyri-neft sektorunun inkişafı qarşıda duran əsas məqsədlərdəndir.

Dördüncü- Dağlıq Qarabağ münaqişəsinin həllində İlham Əliyevin dönməz, prinsipial mövqeyi. Ölkə başçısı həm də Ali Baş Komandan kimi Ordu quruculuğu məsələlərində mühüm nailiyyətlər qazandı. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi.

Beşinci- Azərbaycanın tarixi irsinin, mədməniyyətinin qorunması və inkişafı.

Bütün bu sadalananların hamısı ən sonda yenə də Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına yönəlir. Təbii ki, bütün bunlara təhsil, səhiyyə və s. müxtəlif istqiamətlərdə həyata keçirilən islahatları da aid etmək olar. Azərbacan vətəndaşı öz gələcəyini cənab İlham Əliyevə bağlamaqla bütün bu deyilən məsələlərin hər birinə kompleks yanaşdı. Ona görə də gələcək 7 ildə Azərbaycan vətəndaşı cənab İlham Əliyevin yanında  olacaq və Azərbaycanımızın müstəqilliyi, suverenliyi uğrunda birlikdə mübarizə aparılacaq.

Şəfiqə Dadaşova, “İki sahil”