16 mart 2018 18:39
1163

Rusiya britaniyalı diplomatları ölkədən çıxaracaq

Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın cinayət işi ilə bağlı 23 rusiyalı diplomatın Böyük Britaniyadan çıxarılmasına cavab olaraq Rusiya da britaniyalı diplomatları ölkədən çıxaracaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lakin nazir Britaniya səfirliyinin ölkədən çıxarılacaq əməkdaşlarının dəqiq sayını açıqlamayıb.

Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan onların Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu maddənin Rusiya istehsalı olduğu bildirilir.

Martın 14-də Tereza Mey “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verildiyini demişdi. Moskva isə öz növbəsində bu addımı “kobud təxribat” adlandırmış və Britaniyaya adekvat cavab verəcəyini açıqlamışdı.